BİZNES

06 Fevral

Ukrayna ABŞ-dan LNG almağı planlaşdırır

Ukraynanın ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) almaq üçün əhəmiyyətli potensialı var. Bu barədə ölkənin xarici işlər naziri Andrey Sıbıqa məlumat verib.

Fins.az xəbər verir ki, bundan əlavə, onun sözlərinə görə, Ukrayna tərəfi Amerika şirkətlərini döyüşlərdən sonra ölkənin bərpasında iştirak etməyə dəvət edib.

Dekabrın ikinci yarısında Ukraynanın ən böyük özəl enerji şirkəti DTEK ABŞ-dan 100 milyon kubmetr həcmində mayeləşdirilmiş təbii qazın ilk partiyasının gəldiyini elan etdi. Bu, ABŞ-dan ilk belə çatdırılma idi.

Bundan əvvəl prezident Vladimir Putin Ukraynanın Avropa istehlakçılarına Rusiya qazının nəqlini dayandırdığını xatırladıb. Eyni zamanda Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Kiyev Rusiya qazının tranzitini uzatmaq niyyətində deyil.

Yanvarın sonunda Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova bəyan etmişdi ki, Ukrayna ərazisindən Rusiyadan karbohidrogen tranzitinin dayandırılması səbəbindən Ukrayna öz ehtiyacları üçün kifayət qədər qaza malik olmayacaq.