BİZNES

05 Fevral

Çin və Apple arasında gərginlik

Fins.az - Çin-in antimonopoliya tənzimləyicisi Apple Inc.-in fəaliyyətinə dair rəsmi araşdırma başlada bilər.

Bloomberg-in məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, bu araşdırma şirkətin App Store-da tətbiqetmə tərtibatçılarından tutduğu komissiya siyasəti və üçüncü tərəf ödəniş sistemlərinə qoyulan qadağanı qiymətləndirəcək.

Mənbələrin bildirdiyinə görə, Çin Xalq Respublikasının Dövlət Bazar Tənzimlənməsi İdarəsinin (SAMR) rəsmiləri 2024-cü ildən etibarən Apple-ın yükəsək vəzifəli menecerləri və tərtibatçılarla görüş aparır. Onlar Apple-ın tətbiqetmə daxilində edilən alış-verişlər üçün tərtibatçılardan təxminən 30% komissiya tutulması və alternativ ödəniş sistemlərinə qoyulan məhdudiyyətləri qiymətləndirir.

Bu addım, Apple ilə Tencent Holdings və ByteDance kimi yerli texnologiya şirkətləri arasında davam edən iOS platformasının siyasəti ətrafında yaranan gərginliklərlə bağlıdır. Apple-ın tətbiq etdiyi siyasətlər beynəlxalq tənzimləyicilərin diqqətini çəkərək şirkəti qlobal səviyyədə çətin duruma salıb.

Qeyd edək ki, Apple-a maraq ABŞ-Çin ticarət münasibətlərinin gərgin olduğu bir vaxtda artıb. Vaşinqtonun Çin məhsullarına yeni rüsumlar tətbiq etməsi və Pekinin cavab addımları kontekstində rəsmi araşdırma ehtimalı da gündəmdədir.

SAMR-in Apple ilə danışıqları nəticə verərsə, rəsmi araşdırma başlanmayacaq. Lakin Apple tənzimləyici tələblərə qarşı çıxarsa, şirkət barədə rəsmi araşdırma təşkil edilə bilər.