BİZNES

05 Fevral

Daxili investisiyalar son 5 ilin rekordunu qırdı

Fins.az - Ötən il bu rəqəm 21,4 milyard manat olub. 

Media Təhlil Mərkəzinin Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumata əsasən apardığı təhlil göstərir ki, 2021-ci il istisna olmaqla son 5 ildə əsas kapitala yönəldilən investisiyaların həcmi hər il artıb. Məsələn, keçən il ölkənin iqtisadi və sosial sahələrinin inkişafı məqsədilə bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən investisiyaların həcmi 5,6 faiz və ya 1 milyard 138,5 milyon manat artaraq 21 milyard 435 milyon manat təşkil edib.

MTM bildirir ki, 2024-cü ildə əsas kapitala yönəldilən investisiyaların 61,1 faizi (13 milyard 97 milyon manat) dövlət, 38,9 faizi (8 milyard 338 milyon manat) isə qeyri-dövlət sektoru tərəfindən yatırılıb. Hesabat dövründə daxili investisiyaların həcmi son 5 ildə qeydə alınan ən yüksək göstərici olub. Belə ki, sözügedən ildə əsas kapitala yönəldilən daxili investisiyaların həcmi 18 milyard 146 milyon manat (2023-cü illə müqayisədə 10,6 faiz və ya 1 milyard 734 milyon manat çox) təşkil edib.

Ötən il əsas kapitala yatırılan xarici investisiyaların həcmi isə 2023-cü illə müqayisədə 15,3 faiz və ya 784,3 milyon manat azalaraq 3 milyard 289 milyon manata bərabər olub. Son 5 ildə əsas kapitala yönəldilən xarici investisiyaların həcmi üzrə ən yüksək göstərici (5milyard 117 milyon manat) 2020-ci ildə qeydə alınıb. Onu da qeyd edək ki, 2020-ci ildə əsas kapitala yönəldilən investisiyaların ümumi həcmində daxili mənbələrin xüsusi çəkisi 69,95 faiz təşkil edirdisə, 2024-cü ildə 84,65 faizə bərabər olub.

Xatırladaq ki, əsas kapitala yönəldilən xarici investisiyalara yeni tikintiyə, yenidənqurma və genişləndirmə üzrə tikinti işlərinə, maşın və avadanlıqların əldə edilməsinə sərf edilən vəsaitlər aiddir. Bura, eyni zamanda, tikinti işlərində istifadə edilən xarici kreditlər, qrantlar və humanitar yardımlar hesabına ayrılan vəsaitlər də daxildir.

Hesabat dövründə əsas kapitala yönəldilən daxili investisiyaların ümumi həcminin 83,64 faizi və ya 15 milyard 177 milyon manatı qeyri-neft, 16,36 faizi və ya 2 milyard 968 milyon manatı neft-qaz sektoruna ayrılsa da, xarici investisiyalarla bağlı göstəricilər tam əksinə olub. Belə ki, ötən il xarici mənbələrdən əsas kapitala yönəldilən investisiyaların 84,22 faizi və ya 2 milyard 770 milyon manatı neft-qaz, 15,78 faizi və ya 519,2 milyon manatı isə qeyri-neft-qaz sektoruna ayrılıb.

Ötən il əsas kapitala yatırılan investisiyaların ümumi həcminə diqqət etsək, ayrılan maliyyə mənbələrinin 26,8 faizi və ya 5 milyard 739 milyon manatının neft-qaz, 73,2 faizi və ya 15 milyard 696 milyon manatının isə qeyri-neft-qaz sektoruna ayrıldığını görərik.