BİZNES

25 Mart

Azərbaycanın İtaliyaya qaz ixracı 27,2 % artıb

Bu ilin yanvar ayında Azərbaycan İtaliyaya 891,3 milyon kubmetr həcmində təbii qaz ixrac edib.

Finss.az Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasən xəbər verir ki, bu həcmdə təbii qaz ixracından əldə olunan gəlir 457,5 milyon ABŞ dolları olub.

İtaliyaya qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 190,8 milyon kubmetr və ya 27,2%, dəyər ifadəsi ilə 100,1 milyon ABŞ dolları, yaxud da 28% artıb.

Belə ki, 2024-cü ilin yanvarında Azərbaycandan İtaliyaya 700,5 milyon kubmetr həcmində, 357,4 milyon ABŞ dolları dəyərində təbii qaz ixrac edilib.

Qeyd edək ki, cari ilin yanvarında Azərbaycandan ixrac edilmiş təbii qazın ümumi həcmi 2,33 milyard kubmetr, dəyəri isə 870,1 milyon ABŞ dolları təkil edib. Bununla yanaşı, ilin ilk ayında Azərbaycana idxal edilən təbii qazın həcmi 42,6 milyon kubmetr, dəyəri isə 6,4 milyon ABŞ dolları olub.

Xatırladaq ki, bu dövrdə Azərbaycandan Gürcüstana, Serbiyaya, Türkiyəyə, Bolqarıstana, İtaliyaya və Yunanıstana təbii qaz ixrac, Türkmənistandan isə idxal edilib.