BİZNES

29 Dekabr

İİTKM sosial islahat paketinə dair “İslahat icmalı” hazırlayıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ölkə başçısının “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamı ilə 2025-ci ilin yanvar ayından reallaşacaq növbəti sosial islahatlara həsr olunan “İslahat icmalı” hazırlayıb.

Bu barədə Fins.az-a Mərkəzdən məlumat verilib.

Mərkəzin İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov bildirib ki, 3 milyon nəfəri əhatə edəcək sosial paket 2019-cu ildən bugünədək qəbul edilən beşinci sosial islahat zərfidir. Bu yeni sosial paket əvvəlki islahatların məntiqi davamı olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifahının yaxşılaşdırılması məqsədini daşıyır. Sosial islahatlar əməkhaqqı artımlarını, pensiya, sosial müavinət və təqaüdlərin artırılması tədbirlərini nəzərdə tutur.

Onun sözlərinə görə, ümumilikdə bu islahatlar çərçivəsində 700 min və daha çox vətəndaş əməkhaqqı artımlarından, təxminən 1,1 milyon nəfər pensiya artımlarından, 1,2 milyon nəfər isə sosial müavinət və təqaüdlərin artımından faydalanacaq. Bu tədbirlər xüsusilə aztəminatlı ailələr üçün əhəmiyyətli olacaq və onların maddi vəziyyətinin yaxşılaşdırılmasına dəstək məqsədi daşıyır.

E.Ələkbərov əlavə edib ki, minimum əməkhaqqı artımının iqtisadiyyatda geniş əhatəli müsbət təsir yaratması gözlənilir. 2025-ci ildən etibarən minimum əməkhaqqı artımı müxtəlif iqtisadi sektorlarda orta aylıq nominal əməkhaqlarının yüksəlməsinə səbəb olacaq.

Sosial islahatların əhatə dairəsi barədə daha geniş məlumatların əks olunduğu “İslahat icmalı”  ilə ereforms.gov.az saytında İcmallar bölməsindən tanış olmaq mümkündür:

//ereforms.gov.az/files/review/pdf/az/0638594d26e357f89af4e4fd13f0c540.pdf

Zemfira Ms
Fins.az