BİZNES

27 Dekabr

İKZF 121,9 milyon manatlıq yaşayış sahəsi almaq üçün müqavilə bağladı

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yeni yaşayış sahələrinin alınması ilə bağlı işləri yekunlaşdırıb.

Bu barədə Fins.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Məlumata görə, İKZF-nin satın alacağı yaşayış sahələri 40 min kvadrat metr həcmində müəyyənləşib.

Qeyd olunub ki, vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satınalınması Bakı şəhəri ərazisi üzrə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412 nömrəli qərarı ilə təsdiq edilmiş Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərinə uyğun olaraq 9-cu və 10-cu zonalar üzrə) həyata keçiriləcək.

Bildirilib ki, bina satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə satın alınacaq yaşayış sahələrinin yerləşdiyi çoxmənzilli yaşayış binası olmalı və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq 2013-cü il 1 yanvar tarixindən sonra inşa edilməlidir.

Eyni zamanda, binanın (və ya bina kompleksinin) tikintisinə icazə alınan torpaq sahəsi ipoteka ilə yüklü edilməməli, həbs altında olmamalı və özgəninkiləşdirilməsinə qadağa qoyulmamalıdır. Bununla yanaşı, yaşayış sahələri təhvil verilərkən bina (və ya bina kompleksi) tam hazır olmalıdır.

Həmçinin, qeyd olunub ki, yaşayış sahələri təhvil-təslim anında tam təmirli olmalıdır.

Məlumata görə, artıq İKZF yaşayış sahələrinin alınması ilə bağlı işlərin icrasını “City Construction Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və onunla dəyəri 121,9 milyon manat olan müqavilə bağlayıb.