2023-cü ildə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında qarşılıqlı ixrac 2022-ci illə müqayisədə 22,6% artaraq 38 milyard ABŞ dolları təşkil edib. TDT ölkələrinin bir-birinə ixracının ümumi ixracda payı 6,8%-ə yüksəlib. Bu göstərici ümidverici olsa da, hələ də aşağı səviyyədə qalır.
Fins.az xəbər verir ki, bunu Türk İnvestisiya Fondunun (TIF) prezidenti Bağdat Amreyev Bakıda keçirilən ürk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasında bildirib.
B.Amreyev türk dövlətləri arasında ticarət dövriyyəsinin aşağı səviyyədə olmasının səbəblərini izah edib. O, Sovet İttifaqı dövründəki iqtisadi modelin yüksək dərəcədə mərkəzləşdirildiyini və respublikaların əsasən bir-birindən fərqli sənaye sahələrində ixtisaslaşdığını bildirib. Bu, şaxələndirilmiş ticarətə marağın azalmasına səbəb olub.
Amreyev, həmçinin TDT ölkələri arasında ticarətin aşağı səviyyədə olmasının digər səbəbləri olaraq nəqliyyat, logistika və gömrük xərclərini göstərib. O, Orta Asiya ölkələrinin coğrafi yaxınlığa görə daha çox Çin və Rusiya ilə ticarət etdiklərini qeyd edib və qeyd edib ki, bu məsələlərə diqqət yetirilməli, nəqliyyat və enerji şəbəkələri daha yaxşı inteqrasiya edilməlidir.
Amreyev, iqtisadiyyatların və cəmiyyətlərin texnoloji və rəqəmsal transformasiya keçdiyini və bu sahədə daha mərkəzləşmiş fəaliyyətin vacib olduğunu vurğulayıb.