BİZNES

26 Dekabr

Qazaxın azad edilmiş kəndlərində yeni şəhərsalma əsaslandırılması hazırlanacaq

Qazax rayonunun 30 il müddətinə Ermənistanın işğalı altında olmuş və bu ilin mayında Azərbaycana geri qaytarılmış dörd kəndində - Qızılhacılı, Bağanıs Ayrım, Xeyrımlı və Aşağı Əskipara - şəhərsalma əsaslandırılmasının hazırlanmasına başlanılıb.

Bu barədə Fins.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

artıq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu işlərlə bağlı hazırlıq işlərini yekunlaşdırıb. Komitə, Qızılhacılı və Bağanıs Ayrım kəndlərində şəhərsalma əsaslandırılmasının hazırlanması işlərini "Design Bureau" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Xeyrımlı və Aşağı Əskipara kəndlərinin əsaslandırılmasını isə "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutuna həvalə edib. Müvafiq müqavilələr bağlanıb.

Müqavilələrə əsasən, bu layihələrin maliyyələşdirilməsi aşağıdakı şəkildə olacaq:

  • Qızılhacılı kəndinin şəhərsalma əsaslandırılması üçün 174,7 min manat
  • Bağanıs Ayrım kəndi üçün 194,8 min manat
  • Xeyrımlı kəndi üçün 175,3 min manat
  • Aşağı Əskipara kəndi üçün 221,9 min manat

Qazax rayonunun bu kəndləri, Ermənistan tərəfindən 30 il işğal altında olduqdan sonra, 2024-cü ilin mayında Azərbaycana geri qaytarılıb. Bu addım, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə 2024-cü ilin 19 apreldə əldə edilmiş razılaşma əsasında reallaşıb. Nəticədə, 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və 6,5 kvadrat kilometr ərazisi olan bu kəndlər Azərbaycana qaytarılıb.