Finss.az - 2024-cü ildə Azərbaycanda iqtisadi artım 4,1% səviyyəsində olub. Bu da bir çox reytinq agentlikləri və maliyyə institutlarının ilin əvvəlində gözlədiyi templərdən daha yüksək rəqəmdir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyinin analitiklərinin son təhlilinə əsasən, ötən il Azərbaycanda ÜDM-in proqnozlaşdırılandan daha yüksək olmasının əsas hərəkətverici qüvvəsi qeyri-neft sektoru olub. Hesabat ilində qeyri-neft ÜDM-in real artımı 6,2% təşkil edib.
SP-nin son hesabatında bildirilir ki, nəqliyyat və İKT sahələrində, eləcə də pərakəndə ticarət sektorunda müşahidə olunan yüksək əlavə dəyər göstəriciləri artım templərinin sürətlənməsinə mühüm töhfə verib. Həmçinin qeyri-neft sektorunun artım dinamikasına işğaldan azad olunmuş ərazilərdə dövlət tərəfindən reallaşdırılan layihə və təşəbbüslər nəticəsində tikinti sektorunda qeydə alınan əhəmiyyətli canlanma da müsbət təsir göstərib.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrin maliyyələşdirilməsi müxtəlif mənbələrdən – dövlət və özəl investisiyalar hesabına həyata keçirilir. Bu xüsusda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”ndan irəli gələn tədbirləri dəstəkləmək və regionun dayanıqlı inkişafını təmin etmək məqsədilə özəl investisiyaların cəlb edilməsi fəal şəkildə təşviq edilir, dövlət-özəl tərəfdaşlığı əlaqələri inkişaf etdirilir, o cümlədən işğaldan azad edilmiş ərazilərdə 10 il müddətinə müxtəlif vergi güzəştləri və digər imtiyazlar təqdim edilir.
Bütün bunlar investisiya mühitini daha da yaxşılaşdıraraq xarici sərmayədarların ölkəyə marağını artırır. Lakin investisiya axınının sürətləndirilməsi və investorların proses boyunca effektiv dəstək alması üçün institusional mexanizmlər də mühüm rol oynayır. Bu istiqamətdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) fəaliyyət göstərir. AZPROMO ölkəmizdə investorlar üçün “vahid pəncərə” prinsipi əsasında bələdçi rolunu icra edərək onların Azərbaycanda layihələrini başlamaq və genişləndirmək üçün lazım olan bütün xidmətlərə və resurslara mərkəzləşmiş platforma vasitəsilə çıxışını təmin edir. İZİA öz növbəsində ölkəmizdə yerli istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və qeyri-neft ixracının artırılması baxımından önəmli rol oynayan sənaye parklarını, sənaye məhəllələrini və aqroparkları idarə edir. AİŞ isə qeyri-neft sektorunun inkişafına dəstək verərək biznes layihələrinə sərmayə yatırır və iqtisadiyyatın şaxələndirilməsini təşviq edir.
Beləliklə, kompleks tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycanın qeyri-neft sektorunun davamlı inkişafı ölkənin real ÜDM-nin artım tempinin sürətlənməsinin əsas faktoruna çevrilib və iqtisadiyyatın şaxələndirilməsi strategiyasının uğurla icra olunduğunu göstərir.
Fuad Mədətov
Finss.az