BİZNES

24 Dekabr

Hacıqabul Sənaye Parkına əlavə ayrılan vəsaitin məbləği məlum olub

Hacıqabul Sənaye Parkının genişləndirilməsi məqsədilə 40 hektar torpaq sahəsində infrastrukturun yaradılması üzrə elektrik işlərinə ayrılacaq vəsaitin həcmi açıqlanıb.

Fins.az xəbər verir ki, bu barədə məlumat Dövlət Satınalmalarının Vahid İnternet Portalında dərc olunub.

Məlumatda qeyd edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) hazırlıq işlərini tamamlayaraq, elektrik işlərinin icrasını "IMA Energy" MMC-yə həvalə edib. Bununla bağlı tərəflər arasında 7.101.139,59 AZN (7 milyon 101 min 139 manat 59 qəpik) dəyərində müqavilə bağlanıb.

Xatırladaq ki, bir müddət əvvəl Hacıqabul Sənaye Parkının genişləndirilməsi üzrə tikinti işləri “Protean Construction” Açıq Səhmdar Cəmiyyətinə həvalə olunmuş və onunla 7.999.998,75 AZN (7 milyon 999 min 998 manat 75 qəpik) dəyərində müqavilə imzalanmışdı.

Elektrik işlərini həyata keçirəcək "IMA Energy" MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 5 min manat təşkil edir. Hüquqi təmsilçisi Nəsirov Mirzə Faiq oğludur.

Hacıqabul Sənaye Parkının genişləndirilməsi layihəsi regionda sənaye potensialını artırmağa və yeni istehsal sahələrinin yaradılmasına dəstək olmaq məqsədi daşıyır.