BİZNES

24 Dekabr

Azərbaycan Biznesinin İnkişafı Fondunun nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları məlum olub

Azərbaycan Biznesinin İnkişafı Fondunun nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları məlum olub.

Fins.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi Fondun Nizamnaməsində öz əksini tapıb.

Belə ki, Fondun nizamnamə fondunun məbləği 1.180.929.648,0 (bir milyard bir yüz səksən milyon doqquz yüz iyirmi doqquz min altı yüz qırx səkkiz) manatdır.

Fondun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

Fond öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Fond balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

Fond qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Fondun, onun idarə, filial və nümayəndəliklərinin, təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək, fəaliyyət istiqamətləri üzrə yerləşdirilmiş vəsaitlərdən əlavə Fondun hesablarında qalan sərbəst vəsaitləri depozit, digər maliyyə aktivlərinə və qiymətli kağızlar alınmasına yönəltmək hüququna malikdir.

Fondun mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.

Fondun məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə aid deyildir.