BİZNES

24 Dekabr

Azərbaycan Biznesinin İnkişafı Fondunun idarəetmə orqanları məlum olub

Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir.

Fins.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi Fondun Nizamnaməsində öz əksini tapıb.

Nizamnaməyə əsasən, Müşahidə Şurası Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. Şura sədr də daxil olmaqla, 5 üzvdən ibarət tərkibdə təşkil ediləcək. Şuranın 2 üzvünü İqtisadiyyat nazirliyi, 3 üzvünü isə aşağıdakı dövlət qurumları təyin edəcəklər:

- Azərbaycan Mərkəzi Bankı;

- Maliyyə Nazirliyi;

- Dövlət Neft Fondu.

Şuranın sədrini iqtisadiyyat naziri vəzifəyə təyin və vəzifədən azad edicək. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərəcək.

İdarə Heyəti isə Fondun fəaliyyətinə cari rəhbərliyi həyata keçirəcək, 5 üzvdən – iqtisadiyyat nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və sədrin dörd müavinindən ibarət olacaq. Sədr müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə sədr müavinlərindən biri icra edəcək.