BİZNES

24 Dekabr

Biznes mühitinin müxtəlif sahələrinə dair icmal nəşr olunub

Biznes mühitinin müxtəlif sahələrinə dair qanunvericilik normaları və elektron dövlət xidmətləri barədə zəruri məlumatların əks olunduğu icmal hazırlanaraq nəşr olunub.

Fins.az xəbər verir ki, icmalın müvafiq bölmələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın aidiyyəti dövlət qurumlarının rəhbərlik etdiyi işçi qrupları tərəfindən tərtib olunub.

Biznes sahələri üzrə qanunvericilik və inzibatçılıqla bağlı maraqlı tərəflərin məlumatlılıq səviyyəsinin artırılması məqsədilə icmalın bəzi hissələri təqdim olunur.

Əmək bazarı​

Əmək Məcəlləsi 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

  • bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;
  • bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;
  • beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;
  • on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

Əmək Məcəlləsi 77-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:

  • bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı;
  • bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli;
  • beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli;
  • on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

Əmək Məcəlləsinin 18-ci maddəsinə əsasən özlərinin hüquqlarını, qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçinin, işəgötürənin, əmək kollektivinin, həmkarlar ittifaqları təşkilatının fərdi və ya kollektiv əmək mübahisəsi aparmaq hüququ vardır.

Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması” haqqında AR Qanununa əsasən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılmışdır. Yalnız işçilərin fərdi və kollektiv müraciəti əsasında DƏMX tərəfindən iş yerlərində müvafiq yoxlamalar aparılır.

Eyni zamanda, əmək mübahisələrinin həlli məqsədilə ölkədə Mediasiya Mərkəzi fəaliyyət göstərir.

Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana (Dövlət Əmək Müfəttişliyi Xidməti) məlumat verilir.

Bu mövzuda daha ətraflı məlumatla Biznes mühitinin müxtəlif sahələrinin tənzimlənməsi çərçivələri və elektron xidmətlər barədə İcmal sənədində (səhifə 26) tanış ola bilərsiniz.

Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Əmək bazarı işçi qrupuna Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəhbərlik edir (//azranking.az/working-groups).