BİZNES

14 Mart

Azərbaycanda neft və qaz emalı üzrə göstəricilər açıqlanıb

Finss.az - SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) 2024-cü ildə istehsal edilən əmtəəlik neft məhsullarının 90%-i daxili bazara, qalan 10%-i isə ixraca yönəldilib.

Bu məlumat, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında yer alıb.

Hesabata əsasən, ötən il zavodda 5 809,3 min ton xam neft emal olunub və bunun nəticəsində 1 251,5 min ton avtomobil benzini, 590,3 min ton reaktiv mühərrik yanacağı, 2 061,9 min ton dizel yanacağı, 178,2 min ton maye qaz, 265 min ton bitum, 12 min ton sürtgü yağları, 183,4 min ton koks və digər məhsullar istehsal edilib.

Zavodun neft emalı prosesinin dərinliyi 97,5%-ə çatıb ki, bu da sənayedəki müasir texnologiyaların uğurlu tətbiqinin göstəricisidir.

Hesabat dövründə neft məhsullarının ixracından 273,6 mln. ABŞ dolları, daxili satışdan isə 4 735,3 mln. manat gəlir əldə edilib.

Əlavə olaraq, 2024-cü ildə SOCAR-ın Qaz Emalı Zavodunda 3 377 mln. kubmetr təbii qaz emal edilərək, 3 327 mln. kubmetr təmizlənmiş quru qaz, 12,2 min ton texniki butan və 26 min ton qaz benzini istehsal edilib. Bu məhsulların böyük hissəsi daxili bazara və sənaye istehsalına təchiz edilib.

Bundan başqa, Karbamid Zavodunda 652 min ton azot gübrəsi istehsal edilib ki, bunun 63 min tonu daxili bazara, 570 min tonu isə ixraca göndərilib. Metanol Zavodunda isə 516,5 min ton metanol istehsal olunub və bunun 95%-i ixraca yönəldilib.

SOCAR Polymer MMC tərəfindən 124 min ton polipropilen və 73 min ton yüksək sıxlıqlı polietilen məhsulları istehsal edilərək, bu məhsulların 99%-i ixraca göndərilib, yalnız 1%-i daxili bazarda satılıb.