Naxçıvanda ötən iki ildə qanunvericilik normalarına zidd olaraq təsdiqlənmiş 94 hüquqi akt ləğv edilib.
Fins.az xəbər verir ki, bunu Naxçıvanda keçirilən “Azərbaycanın dövlət və hüquq tarixində Naxçıvan” mövzusunda elmi-praktik konfransda çıxışında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib.
"Prezidentin tapşırıqlarına uyğun olaraq, 2023-cü ilin yanvar ayından etibarən Naxçıvan Muxtar Respublikasında məhkəmələrin fəaliyyətinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, Ali Məhkəmədə kadr islahatları aparılıb.
Artıq muxtar respublikada vaxtilə hüquqları pozulmuş vətəndaşların müraciətlərinə məhkəmələr tərəfindən ədalətli formada baxılır.
2023-cü ildə və 2024-cü ilin 11 ayında vaxtilə hüquqları pozulmuş sakinlər tərəfindən kompensasiya tələbi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin icraatına 1308 iş daxil olub, onlardan 683 iş üzrə iddia tələbi cavabdeh orqanlar tərəfindən təmin edildiyindən, 258 iş iddiaçılar tərəfindən iddia ərizələri geri götürüldüyündən icraatına xitam verilib, 66 iş mülkiyyət sənədləri olmadığından mümkün sayılmayıb, 301 iş isə hazırda icraatdadır.
Bir faktı da diqqətə çatdırmaq istəyirəm ki, ötən iki ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəhbəri tərəfindən qəbul edilmiş 106 hüquqi akta əsasən, vaxtilə qanunvericilik normalarına zidd olaraq təsdiq edilmiş 94 hüquqi akt ləğv edilib, 135 hüquqi aktda isə dəyişikliklər aparılıb", - o qeyd edib.