İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzvlük Azərbaycanın həmin ölkələrlə iqtisadi-siyasi əlaqələrinin daha da inkişaf etməsinə və genişlənməsinə səbəb olacaq.
Fins.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadə təşkilatın XI Sammiti zamanı Azərbaycanın D8-ə üzv seçilməsini şərh edərkən deyib.
O bildirib ki, D-8-in əsas qayəsi qarşılıqlı iqtisadi əlaqələri genişləndirmək, investisiya və xarici ticarət dövriyyəsinin artımına nail olmaqdır. Təşkilata üzv ölkələrin hər birinin milli iqtisadiyyatlarının müqayisəli və rəqabət üstlünlüyünə malik sektorları mövcuddur. D-8 üzvləri arasında sərhəd məsafəsinin çox olmasına baxmayaraq, rəqabətqabiliyyətli və ixtisaslaşmış sektorlar vasitəsilə üzv ölkələr arasında iqtisadi əməkdaşlıq dərinləşdirilə və ticarət dövriyyəsi artırıla bilər. Artıq uzun zamandır ki, D-8 təşkilatı İndoneziyanın yoxsulluqla mübarizə və insan resursları, Malayziyanın maliyyə və bank, Türkiyənin sənaye, səhiyyə və şəhərsalma, Pakistanın kənd təsərrüfatı və balıqçılıq, İranın elm və texnologiya, Misirin turizm və ticarət, Nigerinin enerji qaynaqlarının idarəedilməsi sahələrində fəaliyyətləri koordinasiya edir, həmçinin müsəlman ölkələri arasında qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılması üçün demokratik platforma yaradır.
Beynəlxalq Valyuta Fondunun 2024-cü ildə nəşr edilən hesabatına əsasən, D-8 təşkilatına üzv ölkələrin nominal milli gəlirləri ümumilikdə 5,1 trilyon dollar, adambaşına düşən milli gəliri isə cəmi 48 min dollardan çox olub. Təşkilata üzv ölkələrin ümumilikdə əhali sayı 1,3 milyard nəfərə yaxındır. D-8 ölkələri arasında xarici ticarət dövriyyəsi 2 trilyon dollara çatmaqla qlobal ticarətin 4,5 faizini və qlobal ümumi daxili məhsulun 5 faizini təşkil edir.
Nicat Hacızadə vurğulayıb ki, inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycanın həmin ölkələrlə iqtisadi-siyasi əlaqələrinin daha da inkişaf etməsinə və genişlənməsinə səbəb olacaq. Azərbaycanın Türkiyə və İran ilə geniş ticarət və investisiya əlaqələrinin olmasına baxmayaraq, qalan dövlətlərlə iqtisadi münasibətlərinin daha da genişlənməsinə ehtiyac var. Belə ki, 2023-cü ilin yekunlarına görə, Azərbaycanın Türkiyə ilə xarici ticarət dövriyyəsi 7,7 milyard dollar olmaqla, D-8 iqtisadiyyatları ilə məcmu xarici ticarət dövriyyəsinin 90 faizini, İran ilə xarici ticarət dövriyyəsi 487,4 milyon dollar olmaqla, toplam dövriyyənin 5,7 faizini təşkil edir. Habelə Azərbaycanın D-8 təşkilatına üzv ölkələr ilə birgə məcmu xarici ticarət dövriyyəsi 8,52 milyard dollar təşkil edir ki, bu da ümumi xarici ticarət dövriyyəsinin 16,7 faizinə bərabərdir.
Onun sözlərinə görə, Azərbaycanın D-8 ölkələrinə toplam ixracı 5,6 milyard dollar təşkil edib. Üzv ölkələr arasında Azərbaycanın ən aşağı ticarət dövriyyəsi 477 min dollar ilə Nigeriya olub. Nəticə etibarilə, Azərbaycanın qarşısında dayanan coğrafi şaxələnmə istiqamətində islahat tədbirlərini D-8 ölkələri vasitəsilə də həyata keçirməsi mümkündür.
“Qarşılıqlı birbaşa xarici investisiya dövriyyəsinin də əsas hissəsi Türkiyə və İranın payına düşür. Belə ki, 2024-cü ilin doqquz ayı ərzində Türkiyənin Azərbaycana birbaşa xarici investisiya qoyuluşu 912 milyon dollar, İranın isə 275,9 milyon dollar təşkil edib.
Azərbaycan təşkilata üzvlüyü ilə D-8 preferensial ticarət sazişi anlaşmasına qoşularaq üzv ölkələrlə qarşılıqlı ticarət imtiyazlarından istifadə edə bilər. Bura tariflərin qarşılıqlı endirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, mənşə qaydalarının müəyyənləşdirilməsi və s. daxildir. Hazırda Türkiyə və Pakistanla preferensial ticarət razılaşmasına malik Azərbaycanın qalan üzv ölkələrlə də güzəştli ticarət razılaşmalarına daxil olması mümkündür. Bu, Azərbaycanın qeyri-neft-qaz ixracının çeşidlənməsi və şaxələndirilməsi baxımından əlverişli fürsətdir. D-8 ölkələrinin 2030-ci ilə qədər qəbul edilən Birgə Yol Xəritəsinin əsas hədəflərindən biri üzv ölkələr arasında ticarət dövriyyəsinin qlobal ticarətin 15-20 faizə çatdırılmasına nail olmaqdır. Azərbaycanın D-8 təşkilatına qoşulmaqla müxtəlif hədəflərə çatmaq istiqamətində dinamik addımlar atması milli iqtisadiyyatın da böyüməsi ilə nəticələnəcək”,- deyə Nicat Hacızadə bildirib.
Zemfira Ms
Fins.az