Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin alınması ilə bağlı bir neçə müddət əvvəl başladığı hazırlıq işlərini yekunlaşdırıb.
Bu barədə Fins.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
İKZF satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə 40 min kvadrat metr həcmində yaşayış sahələri alacaq.
Vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satınalınması Bakı şəhəri ərazisi üzrə həyata keçiriləcək. Bu, Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412 nömrəli qərarı ilə təsdiq edilmiş Bakı şəhəri və onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərinə uyğun olaraq 7-ci və 8-ci zonalar üzrə baş tutacaq.
Məlumata görə, Fond yaşayış sahələrinin alınması ilə bağlı işləri "Körpü-Bina-Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və onunla dəyəri 138 milyon 800 min 96 manat olan müqavilə bağlayıb.
Satın alınacaq yaşayış sahələrinə dair tələblər aşağıdakılardır:
- Təqdim ediləcək yaşayış sahələri eyni binada (və ya bina kompleksində) yerləşməlidir; fərqli bina və ya bina komplekslərində yerləşən yaşayış sahələrinin təqdim edilməsinə yol verilmir.
- Təchizatçılar tərəfindən təklif edilən yaşayış sahələri mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və ya daşınmaz əmlaka dair təminat qeydinin aparılması barədə reyestrdən çıxarış əsasında təqdim edilməlidir.
- Satın alınması nəzərdə tutulan yaşayış sahələrinin ümumi maksimal sayı 520 ədəd olmalı və 1, 2, 3 və ya 4 otaqlı olmalıdır.
- Yaşayış sahələri yalnız çoxmənzilli yaşayış binasında yerləşməlidir və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq 2013-cü il 1 yanvar tarixindən sonra inşa edilməlidir.
Yaşayış sahəsi ilə bağlı digər tələblərlə bu linkə keçid edərək tanış ola bilərsiniz.
Qeyd edək ki, İKZF-nin müqavilə bağladığı "Körpü-Bina-Tikinti" MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 min manat olan MMC-nin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.