BİZNES

12 Mart

SOCAR-ın Kulevi terminalında neft məhsulları üçün 4 ədəd çən tikiləcək

Azərbaycan dövlət neft şirkətinin (SOCAR) Kulevi terminalında neft məhsulları üçün 4 ədəd çənin tikintisi nəzərdə tutulur.

Finss.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq SOCAR-dan bildiriblər.

"Terminalda neft və neft məhsulları üçün əlavə 4 ədəd 20 000 m3 rezervuarların inşası ilə bağlı EPC (Mühəndislik, Satınalma və Tikinti) təklifləri alınmış və hazırda texniki qiymətləndirmə mərhələsindədir", - deyə şirkətdən bildiriblər.

Bundan əlavə, qeyd olunub ki, 2024-cü il ərzində Kulevi neft terminalı vasitəsilə ümumilikdə 2,5 milyon ton yük aşırılıb.

"Bu göstəricinin 0,95 milyon tonu Azərbaycan mənşəli, 1,55 milyon tonu isə tranzit yüklər təşkil edib. Müqayisə üçün, 2023-cü ilin eyni dövründə terminal vasitəsilə aşırılmış yük 2,16 milyon ton olub. Beləliklə, 2024-cü ildə 2023-cü illə müqayisədə yük həcmində 349 min ton artım olub", - deyə SOCAR-dan bildiriblər.

Qeyd edək ki, SOCAR-ın idarə etdiyi Kulevi Terminalı və Dəniz Limanı 16 may 2008-ci il tarixindən fəaliyyətə başlamışdır.

Terminal karbohidrogenlərin və neft-kimya məhsullarının daşınması üçün nəzərdə tutulub. Göstərilən xidmətlərə dəmir yolu ilə karbohidrogenlərin və neft-kimya məhsullarının qəbulu, çənlərə daşınması, saxlanması, dəniz gəmilərinə yüklənməsi və liman qurğularının istismarı daxildir.