BİZNES

19 Dekabr

Azərbaycan-Türkiyə Qarışıq Komissiyasının iclasında növbəti ilin yükdaşıma kvotaları müəyyən edilib

Ankarada “Beynəlxalq avtomobil daşımaları üzrə Azərbaycan-Türkiyə Qarışıq Komissiyası”nın iclası keçirilib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat yayıb.

Bildirilib ki, iclasda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların tənzimlənməsinə dair mühüm məsələlər müzakirə edilərək qərarlar qəbul olunub. Tərəflər beynəlxalq daşımaların ikitərəfli ticarətdə oynadığı mühüm rolu nəzərə alaraq sahənin inkişafı üçün birgə səylərin davam etdiriləcəyini vurğulayıblar.

Qeyd edilib ki, Türkiyə ilə Azərbaycan arasında “İcazə” blanklarının elektron şəkildə mübadiləsinə və verilməsinə imkan verən “E-Permit” sisteminin yaradılması və inteqrasiya işləri uğurla yekunlaşıb. Bildirilib ki, layihənin uğurla həyata keçirilməsi nəticəsində ölkələrimiz arasında ikitərəfli yükdaşımalarda elektron icazənin tətbiqinə başlanılıb və ilk sınaq daşınmaları yerinə yetirilib. Elektron icazənin tətbiqi ilə dekabrın 16-da Türkiyə daşıyıcı şirkətinə məxsus ilk yük avtomobili Azərbaycana çatıb. Elektron “İcazə” blankı alan, Azərbaycandan yola düşən ilk yük avtomobilinin isə dekabrın 18-də Türkiyə ərazisinə daxil olması gözlənilir.

İclasda statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları ətrafında müzakirələr aparılıb, iki ölkə arasında yükdaşımaların həcminin artdığı xüsusi qeyd olunub.

Həmçinin Türkiyə və Azərbaycan daşıyıcıları tərəfindən beynəlxalq daşımalarda istifadə olunan “İcazə”lərin sayı barədə müzakirələr aparılıb. 2025-ci il üçün fiziki “İcazə” blanklarının kvotası yükdaşımalar üzrə ikitərəfli/tranzit 65000 ədəd, tranzit 85000 ədəd, 3-cü ölkəyə/ölkədən 15000 ədəd, Azərbaycan daşıyıcıları üçün Limandan yük alma/3-cü ölkəyə/ölkədən 5000 ədəd və beynəlxalq sərnişin daşımaları bərpa olunduğu təqdirdə qeyri-müntəzəm daşımalar üçün 200 ədəd müəyyən edilib.

Eyni zamanda beynəlxalq yükdaşımalar üçün gələn il üzrə elektron “İcazə” blanklarının ilkin kvotası ikitərəfli 500 ədəd və tranzit 15000 ədəd müəyyən edilib.

Beləliklə, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların həyata keçirilməsi üçün “İcazə” blanklarının sayı 15500 ədəd artırılaraq 2025-ci il üzrə 185700 ədəd təyin edilib.

Elektron sistemin il ərzində istifadə səviyyəsindən asılı olaraq mübadilə edilən fiziki “İcazə” blanklarının elektron icazələrlə əvəz edilə biləcəyi barədə razılığa gəlinib. Qeyd edilib ki, ehtiyac olduğu təqdirdə istifadə səviyyəsinə uyğun olaraq fiziki və ya elektron “İcazə” blanklarının əlavə mübadiləsi aparılacaq. “İcazə” blankları növbəti il yanvarın 31-dək etibarlı olacaq.

Eyni zamanda Taxoqraf kartlarının Türkiyədə çap edilməsi ilə bağlı texniki heyətlər arasında görüşlərin davam etdirilməsi və E-CMR ilə əlaqədar birgə işlərə başlanılması barədə qərara gəlinib.

Fuad Mədətov
Fins.az