BİZNES

18 Dekabr

Türkiyə ilə Azərbaycan arasındakı tranzit keçid sənədi kvotası üç dəfə artıb

Türkiyə ilə Azərbaycan arasında tranzit keçid sənədi kvotasının 35 mindən 100 minə artırıldığı bildirilib.

Fins.az-ın məlumatına görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türkiyə-Azərbaycan Quru Nəqliyyatı Müştərək Komissiyasının iclasında yazılı açıqlamasında qeyd edib.

A.Uraloğlu bildirib ki, Türkiyədən Azərbaycana ixracatın 81 faizinin avtomobil nəqliyyatı ilə həyata keçirildiyini vurğulayıb.

O, həmçinin qeyd edib ki, “Türkiyə ilə Azərbaycan arasındakı tranzit keçid sənədi kvotası 35 mindən 100 minədək artırıldı. Ümumi keçid sənədlərinin sayı isə 180 min 500-ə çatdı. Son illərdə avtomobil nəqliyyatında istifadə edilən keçid sənədlərində əhəmiyyətli artım əldə etmişik. Bu addım ilə avtomobil nəqliyyatının səmərəliliyini artıraraq, ticarətin sürətlənməsinə şərait yaratmağı hədəfləyirik.”

A.Uraloğlu, daşımaların və ticarətin inkişaf etdirilməsi məqsədilə ortaq işlərin davam etdiriləcəyini də vurğulayıb.