Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük orqanları vasitəsilə sahibkarlara 2,9 milyard manatdan çox güzəşt təqdim edilib.
Fins.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov Bakıda keçirilən gömrük biznes-forumunda bildirib.
Natiq Şirinov qeyd edib ki, ötən il ilk dəfə olaraq dövlət gömrük orqanları vasitəsilə dövlət büdcəsinə 6 milyard manatdan çox vəsait təmin edilib. Bu il üçün proqnoz 6,435 milyard manatdır.
O, əlavə edib ki, hazırda 11 aylıq proqnoz yerinə yetirilib və büdcəyə 6 milyard manatdan bir qədər çox vəsait daxil olub. Proqnoz 151 milyon manat artıqlıqla yerinə yetirilib. Ötən il gömrük orqanları vasitəsilə təqdim edilən güzəştlərin həcmi 2,3 milyard manat olub.
Bu ilin ilk 10 ayı ərzində isə sahibkarlara 2,9 milyard manatdan çox güzəşt təqdim edilib. Bu, sahibkarlıq subyektlərinə göstərilən müsbət dəstəyin əyani göstəricisidir.