BİZNES

17 Dekabr

Yaşıl dəhlizdən istifadə edən sahibkarların sayı Azərbaycanda artmaqdadır - İşəgötürənlər

Azərbaycanda “Yaşıl dəhliz”dən istifadə edən sahibkarların sayı artmaqda davam edir.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Bakıda keçirilən Gömrük-Biznes Forumunda deyib.

“Gömrük sistemi bu istiqamətdə mühüm alət hesab olunur, çünki beynəlxalq ticarətin idarə olunmasında və yeni bazarlara çıxış üçün şərait yaradılmasında əsas rol oynayır. Dövlət və özəl sektor arasında dialoqun inkişafı iqtisadi artımın və ölkəmizin investisiya cəlbediciliyinin artırılmasının əsas prinsiplərindən biridir.

Azərbaycan Sahibkarlar Konfederasiyası, hökumətlə bağlanmış Əsas Kollektiv Sazişin tərəflərindən biri olaraq, dövlət qurumları ilə əməkdaşlığı gücləndirərək sahibkarların qaldırdığı məsələlərin həllinə və milli iqtisadiyyatın inkişafı, onun ixrac yönümlü olmasına dair strateji məqsədlərin reallaşdırılmasına töhfə verir. Bu baxımdan Konfederasiya ilə Dövlət Gömrük Komitəsi arasında İkitərəfli Əməkdaşlıq Şurasının fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Bir çox qaldırılan məsələlər uğurla həll edilib və sevindirici haldır ki, “Yaşıl dəhliz”dən istifadə edən sahibkarların sayı artmaqda davam edir.

Son illər gömrük sistemində əhəmiyyətli uğurlar müşahidə olunur. Elektron bəyannamələrin tətbiqi, ticarətin asanlaşdırılması təşəbbüsləri və beynəlxalq standartlara uyğun prosedurların yaradılması bu sahədə mühüm addımlardır. Bu tədbirlər təkcə ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasına deyil, həm də sahibkarlığın inkişafı üçün yeni imkanların yaradılmasına töhfə verir,” – deyə M.Musayev vurğulayıb.