BİZNES

17 Dekabr

Gömrük sahəsindəki islahatlar Azərbaycan iqtisadiyyatını gücləndirir - Nazir

Azərbaycanda gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar ölkənin beynəlxalq iqtisadi birliyə inteqrasiyasına mühim töhfə verir.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən Gömrük-Biznes Forumunda deyib.

"Azərbaycanda gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar, əldə olunan müsbət təcrübə və müasir texnologiyaların tətbiqi ölkə iqtisadiyyatının inkişafına, sahibkarlıq sinfinin möhkəmlənməsinə və Azərbaycanın beynəlxalq iqtisadi birliyə inteqrasiyasına mühüm töhfə verir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu nailiyyətləri yüksək qiymətləndirir, çünki onlar vətəndaşların rifahına birbaşa təsir edir.

Əsas məqsədimiz Azərbaycan vətəndaşlarının hər birinə, yaşından, cinsindən, kateqoriyasından və ya sosial statusundan asılı olmayaraq layiqli həyat təmin etməkdir. Dövlət başçısı öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycanın dövlət siyasətinin əsasını vətəndaşlarımızın rifahı təşkil edir. Bu rifahın təmin edilməsinin əsas istiqamətlərindən biri əhalinin məşğulluğudur. Heç bir ölkədə məşğulluq probleminin həlli olmadan həyat səviyyəsinin yaxşılaşdırılmasına nail olmaq mümkün deyil. Məşğulluğun təmin edilməsi isə birbaşa biznes nümayəndələrinin fəal iştirakından asılıdır. Çünki dövlətin göstərdiyi əhəmiyyətli dəstəyə baxmayaraq, resurslar həmişə məhduddur", – deyə nazir bildirib.