BİZNES

10 Mart

DVX beynəlxalq kommunikasiya forumunda təmsil olunub

Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) tərəfindən “Vergi kommunikasiyasının gələcəyi: Rəqəmsal transformasiya şəraitində imkanlar və çağırışlar” mövzusunda kommunikasiya forumu keçirilib.

Rəqəmsal formatda baş tutan foruma IOTA-ya üzv olan 36 vergi administrasiyasından 150-yə yaxın iştirakçı qatılıb. Tədbirdə IOTA üzvlərinin kommunikasiya sahəsində rəqəmsal alətlərin tətbiqi, süni intellektdən istifadə, ictimaiyyətlə əlaqələrin təkmil səviyyədə təşkili mexanizmləri ilə bağlı təcrübələri dinlənilib. Azərbaycan, İtaliya, Finlandiya, Fransa, Norveç və Birləşmiş Krallıqdan olan nümayəndələr təqdimatlarla çıxış ediblər.

Tədbirin birinci günü rəqəmsal kommunikasiya sahəsində müxtəlif təşəbbüslər, kampaniyalar və süni intellektin tətbiqi mövzularına həsr olunub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Media və kommunikasiya idarəsinin əməkdaşı Ülkər Nəbiyeva “Rəqəmsal transformasiya çərçivəsində kommunikasiyanın təşkili” mövzusunda təqdimatla çıxış edib. DVX-nin rəqəmsal kommunikasiya sahəsində tətbiq etdiyi mexanizmlər, informasiya təminatı sahəsində müasir alətlər və media üzrə təcrübəsi barədə məlumat verilib. Kommunikasiya sahəsində süni intellekt modullarından istifadə edilən sahələr diqqətə çatdırılıb. Tədbirdə İtaliya Gəlir Agentliyinin həyata keçirdiyi sosial media kampaniyaları, Finlandiyanın vergi kommunikasiyasında süni intellekt texnologiyasının tətbiqi təcrübəsi və Norveçin vergi orqanlarının vergi kommunikasiyalarının rəqəmsal transformasiyasında süni intellektdən istifadə qaydaları barədə mövzular dinlənilib.

Tədbirin ikinci günü vergi kommunikasiyasında süni intellekt texnologiyası və rəqəmsal alətlərdən istifadə mövzularına həsr edilib. Fransanın rəqəmsal kommunikasiyanın təşkili və Böyük Britaniyanın rəqəmsallaşmış iş mühitində müasir alətlərin tətbiqi istiqamətində həyata keçirdiyi layihələr diqqətə çatdırılıb. Tədbir çərçivəsində sual-cavab sessiyaları və rəqəmsal kommunikasiya təcrübələrini əhatə edən qrup müzakirələri təşkil edilib.