BİZNES

10 Mart

Azərbaycan – Türkiyə: Bir ocağın istisində

Ankarada İğdır–Naxçıvan qaz kəmərinin videobağlantı formatında keçirilən açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birlikdə bir il yarım bundan öncə Naxçıvanda bu qaz xəttinin təməlinin qoyulduğunu və cari il martın 5-də isə istifadəyə verildiyini bildirib.

Dövlətimizin başçısı nitqində, eyni zamanda, Türkiyə və Azərbaycanın – iki qardaş ölkənin indiyədək bir sıra nəhəng layihələr reallaşdırdığını, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, TANAP kimi neft-qaz boru xətləri təşəbbüslərinin gerçəkləşdirilərək nəinki ölkələrimizi birləşdirdiyini, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdiyini diqqətə çatdırıb: “Bu gün Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatmışdır. Onun, təxminən, yarısı Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir”.

Azərbaycan lideri daha sonra bildirib ki, İğdırdan Naxçıvana ildə 730 milyon kubmetrədək qaz nəql edəcək bu kəmər Naxçıvanın enerji təhlükəsizliyini daha da artıracaq və beləliklə, muxtar respublikanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm Naxçıvan, həm də İğdır əhalisinin rifahına xidmət edəcək. Başqa sözlə, Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq qədim diyarımızın üzləşdiyi bu problemi aradan qaldıracaq.

Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında İğdır – Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu 2020-ci il dekabrın 15-də Ankarada imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli sərəncamına əsasən isə İğdır – Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə 2023-cü il iyunun 5-də qəbul edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətləri sırasında yer alıb.

İğdır–Naxçıvan boru kəmərinin təməli isə 2023-cü il sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub. Yeri gəlmişkən, həmin gün iki ölkənin dövlət başçıları mətbuata bəyanatlarında yeni infrastrukturun əhəmiyyətini xüsusi olaraq vurğulayaraq onun ölkələrimiz arasında qardaşlıq münasibətlərinin tarixində önəmli hadisə kimi dəyərləndirmişdilər.

Qeyd edək ki, İğdır –Naxçıvan qaz boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Türkiyə hissəsinin uzunluğu isə 80 kilometr, Azərbaycan hissəsinin uzunluğu isə 17,5 kilometrdir. Eyni zamanda, layihə çərçivəsində Dilucu məntəqəsində qazpaylayıcı stansiya tikiləcək. Həmin stansiya 20 min kvadratmetr sahəni əhatə edəcək və boru kəməri ilə qaz axını balansını təmini edəcək.

Beləliklə, təbii qaz Naxçıvana ən təhlükəsiz şəkildə daxil olacaq. Boru kəməri ilə gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək mümkün olacaq ki, bu da Naxçıvanın təbii qaza olan tələbatını tam ödəməyə imkan yaradacaq. Eyni zamanda, gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq üçün imkanlar da mövcuddur. Layihənin idarəçiliyi isə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin BOTAŞ şirkəti tərəfindən həyata keçiriləcək.

Yuxarıda qeyd edildiyi kimi, 2006-cı ildən Naxçıvanın təbii qazla təminatı İranla svop əməliyyatları əsasında həyata keçirilir. Əməliyyatın şərtlərinə əsasən, Azərbaycan Dövlət Neft Şirkəti Astaradan qazı İran ərazisinə ötürür, İran Culfasından isə Naxçıvana qaz verilir. Ekspertlərin fikrincə, İranın bu əməliyyat üçün müəyyənləşdirdiyi haqq çox yüksəkdir. Belə ki, Astaradan ötürülən hər min kubmetr qaza görə Naxçıvana 15 faiz az qaz verilir. Dünyada isə belə əməliyyatlar üzrə faiz dərəcəsi 5 faizdən yüksək deyil.

Dövlətimizin başçısı İğdır–Naxçıvan qaz kəmərinin videobağlantı formatında keçirilən açılış mərasimində çıxışında qeyd edib ki, iki qardaş ölkənin birgə həyata keçirdiyi enerji layihələri, eyni zamanda, nəqliyyat layihələrinin reallaşmasına da imkan verib, məsələn, Türkiyəni Azərbaycanla birləşdirən Bakı–Tbilisi–Qars dəmir yolu həm ölkələrimiz, həm daha geniş coğrafiya üçün əlverişli şərait yaradıb: “Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir. Türk dünyasının birləşməsi yolunda əziz Qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük rolu var”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə nitqində “Bir millət, iki dövlət” şüarı ilə formalaşan qardaşlıq münasibətlərimizdə hər sahədə böyük irəliləyişlər əldə olunduğunu, ölkələrimiz arasındakı münasibətlərin müdafiədən ticarətə qədər çox geniş sahədə daim inkişaf etdiyini vurğulayıb və bu əməkdaşlığın enerji sektoruna da müsbət təsir göstərdiyini bildirib.

İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Azərbaycanın enerji siyasətində mühüm rol oynayacaq İğdır – Naxçıvan qaz kəməri regionda enerji təhlükəsizliyinin təminatına mühüm töhfə verəcək, ölkəmizin enerji şəbəkəsini şaxələndirəcək. Ən başlıcası, bu kəmər Naxçıvan Muxtar Respublikasını qaz təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasına imkan yaradacaq. Bu layihə Azərbaycan – Türkiyə enerji əməkdaşlığının möhkəmlənməsinə səbəb olacaq, iki ölkə arasında ticarət və iqtisadi əlaqələri daha da gücləndirəcək.

İğdır – Naxçıvan qaz kəməri ölkəmiz üçün çox əhəmiyyətlidir. Kəmərin əsas məqsədi Naxçıvanın enerji təminatının sabitliyinə nail olmaqdır. 2005-ci ilin noyabrından Naxçıvanın qaz təminatı İran üzərindən svop layihələri vasitəsilə həyata keçirilir. Fors-major halları olduqda Naxçıvanın qaz təminatında sabitlik yoxdur. Alternativ marşrutun yaradılması isə Naxçıvanın qaz təhlükəsizliyinin artırılması deməkdir. Eyni zamanda, Naxçıvan ölkəmizin müstəqilliyi dövründə ilk dəfə olaraq özünün enerji təminatını yüksək səviyəyə qaldırmağa imkan qazanır.

Məlum olduğu kimi, Azərbaycan Naxçıvanın qazla təminatına görə İrana yüksək məbləğdə pul ödəyir. Hər iki ölkə rəsmiləri arasında keçirilən görüşlərdə Azərbaycan bu məsələni dəfələrlə qaldırsa da, İran məbləği azaltmırdı. Cənub qonşumuz ölkəmizin bu məsələdə alternativ olmamasından sui-istifadə edirdi. Düşünürəm ki, alternativin yaranması İranın mövqelərinin yumşalmasına gətirib çıxaracaq. Bu da o deməkdir ki, İğdır – Naxçıvan qaz kəməri enerji sahəsində rəqabəti gücləndirəcək.

Aqil ƏSƏDOV,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri

Azərbaycan və Türkiyə prezidentlərinin iki ölkəni birləşdirən növbəti qaz kəmərini istifadəyə verməsi əlamətdar hadisə kimi tarixə düşdü. Respublikamızın ayrılmaz hissəsi, bir əsrdən artıq müddətdir ki, ölkənin əsas ərazisi ilə quru bağlantısı olmayan Naxçıvanın enerji təminatında əhəmiyyətli rol oynayan İğdır–Naxçıvan qaz kəməri istifadəyə verildi. Bu, sadəcə bir kəmər deyil, həm də “bir millət, iki dövlət” arasında qardaşlığı, dostluğu möhkəmləndirən növbəti bağdır.

İki ölkə arasında tarixi dostluğun nümunəsi olan İğdır–Naxçıvan kəməri, həm də Türkiyənin bir enerji qovşağına çevrilməsinə töhfə verəcək. Qaz kəmərinin çəkilməsi Naxçıvanın inkişafında yeni impuls yaradaraq muxtar respublikanın iqtisadi-siyasi təhlükəsizliyini gerçəkləşdirməklə strateji əhəmiyyət daşıyacaq.

Gələcəkdə kəmərlə əks istiqamətdə də axın mümkündür ki, bu da perspektivdə kəmərin Zəngəzur üzərindən yeni bir reallıq yaradacağı ehtimalını artırır. İğdır–Naxçıvan kəməri Azərbaycan qazını Türkiyə üzərindən svop mexanizmi ilə Naxçıvana çatdırır.

Zəngəzur dəhlizinin açılmasından sonra isə Azərbaycanın əsas hissəsi ilə qədim torpağı olan Naxçıvanı birləşdirəcək nəqliyyat dəhlizlərinə uyğun enerji dəhlizləri də reallaşdırılacaq. Bu zaman İğdır-Naxçıvan kəməri həm də Naxçıvan–İğdır istiqamətində enerji daşıyıcısı kimi Azərbaycan və Türkiyəyə daha böyük dividendlər gətirə bilər.

Bu gün üçün qaz kəmərinin əhəmiyyəti İğdır və Naxçıvanın sosial-iqtisadi inkişafına verilən impulsla xarakterizə olunsa da, gələcəkdə daha strateji mahiyyət daşıyaraq Azərbaycan qazının, eləcə də ölkəmiz üzərindən Türkiyə vasitəsilə Mərkəzi Asiya qaz ehtiyatlarının Avropa bazarına çıxarılmasına öz töhfəsini verəcək və Türk Dövlətləri Təşkilatı üzvləri arasında bağlantını daha da möhkəmləndirəcək.

©Xalq qəzeti