"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda sərbəst qazın işlənməsi layihəsi çərçivəsində iki prioritet laydan qaz hasil etmək məqsədilə aparılan ilkin quyu qazma işlərinin tamamlanma mərhələsi 2025-ci ilin ortalarında başa çatacaq.
Finss.az xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə açıqlama verib.
Bayatlı bildirib ki, qazma işləri artıq yekunlaşmaq üzrədir və bu ilin ortalarında quyuda tamamlama işlərinin aparılması gözlənilir. O əlavə edib ki, bu quyu çox əhəmiyyətlidir, çünki hasilat vasitəsilə qiymətləndirmə aparmaq imkanı yaradacaq və bu qiymətləndirmə əsasında gələcək işlənmə planları qurulacaq. Hasilatın başlanması üçün quyu "Qərbi Çıraq" platformasında qazılır.
Tamam Bayatlı qeyd edib ki, AÇG-də dərin paylardan olan ilk qazın 2025-ci ilin sonuna gözlənildiyini vurğulayıb. Quyunun qazılıb tamamlandıqdan sonra qaz hasilatına dərhal başlanacaq. Bunun üçün quyu "Qərbi Azəri" platformasından gedən mövcud qaz sisteminə qoşulmalıdır ki, qaz Səngəçal terminalına nəql edilsin. Bu məqsədlə platformada böyük həcmdə avadanlıq quraşdırılacaq və hazırda bu istiqamətdə işlər davam edir. Quraşdırma işləri isə platformanın dayandırılmasını tələb etmir.
Xatırladaq ki, AÇG yatağındakı sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işlərin irəlilədilməsi məqsədilə 2024-cü ilin 20 sentyabrında AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavə imzalanıb. Bu əlavə sənəd çərçivəsində, AÇG yatağının STQ ehtiyatlarının xeyli iri həcmdə — təxminən 4 trilyon kub futadək olduğu düşünülür.
SOCAR və AÇG tərəfdaşları hazırda bu ehtiyatların işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar. Bu işlərin bir hissəsi olaraq, hazırda iki prioritet laydan qaz hasil etmək məqsədilə ilkin quyu qazma işləri aparılır.