“Şahdəniz Kompressiya” layihəsi üzrə son investisiya qərarının 2025-ci ilin iyun ayında qəbul olunacağı gözlənilir.
Finss.az xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə açıqlama verib.
Tamam Bayatlı bildirib ki, layihənin Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi təqdim edilib və hazırda sənədin hökumət tərəfindən təsdiqlənməsi gözlənilir. Şirkət rəsmisinin sözlərinə görə, sənədin təsdiq edilməsi layihənin icra mərhələsinə başlamağa imkan verəcək, lakin bunun öncəsində yekun investisiya qərarının qəbul olunması tələb olunur. Yekun qərarın qəbulunun 2025-ci ilin ikinci rübünün sonuna qədər, ən geci isə iyun ayında baş tutacağı planlaşdırılır.
T.Bayatlı əlavə edib ki, investisiya qərarı qəbul olunduqdan sonra tenderlər elan ediləcək və icraçılar seçiləcək. Hazırda bütün diqqət “Şahdəniz Kompressiya” layihəsinə yönəldilib.
“Şahdəniz Kompressiya” layihəsinin fəaliyyətləri üzrə qrafikə əsasən, 2029-cu ilin ortalarında “Şahdəniz Alfa” (ŞDA) platformasından, 2030-cu ilin ortalarında isə “Şahdəniz Bravo” (ŞDB) platformasından ilk qaz hasilatı gözlənilir.
Layihənin əsasını elektriklə çalışan heyətsiz Şahdəniz Kompressiya (ŞDK) platforması təşkil edir. Bu platforma, mövcud ŞDA və ŞDB platformalarından gələn qazın kompressiyasını həyata keçirəcək. ŞDK platforması ŞDB-dən təxminən 3 km məsafədə, 85 metr dərinlikdə yerləşəcək və qazın Səngəçal Terminalına ixrac edilmədən əvvəl kompressiya ediləcəyini nəzərdə tutur. Platforma arasında əlaqəni təmin etmək üçün qaz boru kəmərləri və elektrik təchizatı sistemi qurulacaq.
Eyni zamanda, layihə çərçivəsində Səngəçal Terminalında infrastruktur yenilənməsi nəzərdə tutulmur. Terminalda yalnız elektrik enerjisinin qəbulunu və ötürülməsini təmin edəcək yeni avadanlıq quraşdırılacaq.