BİZNES

06 Mart

Azərbaycan ABŞ-a yumurta ixracına başlayır

Finss.az - Ötən ildən etibarən ABŞ-da quş qripinin yayılması ilə əlaqədar yumurta qıtlığı və qiymətlərin bahalaşması müşahidə olunub.

Bu vəziyyətin qarşısını almaq məqsədilə ABŞ hökuməti xarici ölkələrdən yumurta idxalına icazə verib.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının verdiyi məlumata görə, Azərbaycanın ən böyük quşçuluq təsərrüfatlarından biri olan Giləzi Quşçuluq şirkəti, ABŞ standartlarına uyğun sertifikatlaşdırmadan uğurla keçərək bu ölkəyə süfrə yumurtası ixracı icazəsi əldə edib. Bu aydan etibarən şirkət, ABŞ-a müntəzəm yumurta ixracına başlayacaq.

Qeyd olunub ki, ABŞ-a ixracın başlanması, Azərbaycan daxilində yumurta təchizatı və qiymətlərinə heç bir təsir göstərməyəcək. Hazırda Azərbaycanda süfrə yumurtasına olan gündəlik tələbat təxminən 4 milyon ədəd təşkil edir, faktiki istehsal isə 6 milyon ədəd civarındadır. İstehsalın bir hissəsi xaricə ixrac olunsa da, daxili bazar tələbatı artıqlaması ilə ödəyəcək vəziyyətdədir. Həmçinin, ölkədə hazırda 100 milyon ədəd yumurta anbarlarda saxlanılır.

Bu addım, Azərbaycanın quşçuluq sənayesinin beynəlxalq bazarda tanınması və inkişafı üçün əhəmiyyətli bir mərhələdir.