Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), növbəti 10 ildə böyük milli enerji şirkətinə çevrilməyi hədəfləyir.
Finss.az xəbər verir ki, bu barədə məlumatı SOCAR-ın vitse-prezidentinin müavini Teymur Quliyev Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsində keçirilən "Enerji Səmərəliliyi: Nəticələr və Gözləntilər" mövzusunda ictimai müzakirədə verib.
Teymur Quliyev qeyd edib ki, hazırda SOCAR ənənəvi neft və qaz şirkəti olaraq fəaliyyət göstərir, ancaq 2050-ci ilə qədər məqsəd, şirkətin qlobal miqyasda enerji təhlükəsizliyinə və iqlim davamlılığına töhfə verən bir enerji şirkətinə çevrilməsidir. O, həmçinin vurğulayıb ki, bu hədəflər yalnız 2050-ci ilə qədər deyil, həm də orta müddətli məqsədləri əhatə edir.
SOCAR-ın emissiyalarının ölçülməsi sahəsində yeni yanaşmaları da diqqətə çatdırılıb. Teymur Quliyev bildirib ki, şirkət artıq dronlar və peyklər vasitəsilə emissiyaların bir hissəsini ölçməyə başlayıb. Bu, xüsusilə dənizdəki neft-qaz platformaları və uzun məsafəli borularda ölçmə proseslərini daha effektiv və iqtisadi cəhətdən səmərəli edir. Dron və peyk avadanlıqlarının istifadəsi ilə bu proseslər xeyli asanlaşıb və əməliyyat xərcləri azalır.
SOCAR-ın gələcək hədəfləri və bu istiqamətdə atdığı addımlar enerji sektorunda vacib yeniliklərə səbəb olacaq.