BİZNES

06 Mart

Azərbaycanda 6 milyon manatlıq investisiya ilə yeni döşəmə istehsalı müəssisəsi tikilir

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “Mister Decor” MMC-nin SPC dekor döşəmələrinin istehsalı müəssisəsinin inşası yekunlaşmaq üzrədir.

Finss.az Agentliyin məlumatına əsasən xəbər verir ki, artıq tikinti işlərinin 80 faizindən artıq hissəsi bitib və görülən işlərə 4 milyon manata yaxın investisiya yatırılıb.

Ümumi investisiya dəyəri 6 milyon manat təşkil edəcək müəssisənin bu il fəaliyyətə başlaması planlaşdırılır. İllik istehsal gücü 1,5 milyon m² olan müəssisədə 70 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Müəssisədə iş 2 növbəli rejimdə təşkil olunacaq.

SPC döşəmələrinin hazırlanmasında xammal kimi karbonat-kalsium və PVC məhlulunun qarışığından istifadə ediləcək ki, bu da oda, nəmişliyə dözümlüdür və tam gigiyenik məhsuldur.

Hazırda ölkədə sözügedən məhsullara olan tələbat Çin, Rusiya və Hindistandan edilən idxal hesabına ödənilir. Müəssisənin fəaliyyətə başlaması ilə bu məhsula tələbat ödəniləcək.

Qeyd edək ki, “Mister Decor” MMC Ağdam Sənaye Parkında divar kağızlarının istehsalı ilə məşğuldur.

Fuad Mədətov
Finss.az