McKinsey Qlobal İnstitutunun hesabatında qadınların kişilərlə yanaşı, əmək bazarında tam iştirakının 2025-ci ilə qədər qlobal illik ÜDM-ə 28 trilyon ABŞ dolları və ya 26 faiz əlavə gəlir təmin edəcəyi təxmin edilir.
Fins.az xəbər verir ki, bunu "Azərbaycanda Qadınların İş və Karyera İnkişafının Təşviqində Liderlik Nailiyyətləri" adlı tədbirdə Dünya Bankının Gender üzrə baş məsləhətçisi Şəmsiyyə Mustafayeva deyib.
O xatırladıb ki, 2022-ci ildə Azərbaycanda qadınların 62%-i, kişilərin 75%-i əmək bazarında iştirak edib, qadınların 58%-i, kişilərin isə 71%-i məşğul olub:
"Azərbaycan Respublikasının iqtisadiyyatın gücləndirilməsinə və rəqabətqabiliyyətli insan kapitalının yetişdirilməsinə yönəlmiş 2022-2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyasının irəli sürülməsi üçün bu çətinliklərin aradan qaldırılması çox vacibdir.
Qadınlar ölkənin istedadlar fondunun əhəmiyyətli bir hissəsini təşkil edir və onların potensialından istifadə etmək iqtisadi artıma təkan verə bilər.
Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən aparılan araşdırmalar göstərir ki, qadınların əmək potensialını tam inkişaf etdirməklə ölkələr əhəmiyyətli makroiqtisadi nailiyyətlər əldə edirlər".