Finss.az - Almaniyanın məşhur texnologiya şirkəti Bosch, dünya üzrə avtomobil istehsalçılarına avadanlıq və proqram təminatı təqdim etməyə davam edərkən, çətin bazar şəraiti səbəbindən bəzi müəssisələrində əlavə iş yerlərinin ixtisar edilməsini planlaşdırır.
Şirkətin baş direktoru Ştefan Xartunq, verdiyi müsahibədə dünya iqtisadiyyatının zəifliyi, Çindən artan rəqabət və istehlakçılar arasında qeyri-müəyyənlik səbəbindən bu addımın qaçılmaz olduğunu vurğulayıb. Xartunq həmçinin daxili yanma mühərriklərindən elektrik mühərriklərinə keçidin əhəmiyyətli iş yeri itkilərinə yol açacağını qeyd edib. Lakin, elektrikli avtomobil sənayesinin inkişafının yavaşlaması, mövcud istehsal güclərinin daha uzun müddət istifadə edilməsinə imkan verə bilər.
Şirkətin 2023-cü ildəki əməliyyat gəliri 4,8 milyard avro olub, lakin 2024-cü ildə satışlar 1% azalarak 90,5 milyard avroya düşüb. Bosch, keçən il 3,2 milyard avro əməliyyat mənfəəti ilə əvvəlki ilə nisbətən 1/3 azalma yaşayıb.
2024-cü ilin sonuna olan məlumata görə, Bosch şirkətinin dünya üzrə işçi sayı 417 900 nəfər olub ki, bu da əvvəlki ilə müqayisədə 11 500 nəfər azalma göstərir. Almaniyada isə işçi sayı 4,4 min nəfər azalaraq 129 800-ə enib. Şirkət, 2032-ci ilə qədər 12 minə qədər iş yerinin itirilməsi ehtimalını açıqlayıb.
Bütün bu çətinliklərə baxmayaraq, Bosch 2025-ci ildə satışları və qazancı artırmağı hədəfləyir və konkret proqnozları may ayında açıqlayacaq.