BİZNES

10 Dekabr

Gəncə şəhər xəstəxanasının təmirinə başlanılmasına 1,9 milyon manat ayrıldı

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) nəzdindəki Akademik Zülfüqar Məmmədov adına xəstəxanada əsaslı təmir işləri aparılacaq.

Bu barədə Fins.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Məlumata görə, artıq “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi hazırlıq işlərinə başlayıb.

ŞBX, sözügedən işlərin icrasını Rayonlararası İstehsalat Kombinatına həvalə edib. Müqavilə çərçivəsində şirkətə 1.935.353,81 AZN (bir milyon doqquz yüz otuz beş min üç yüz əlli üç manat 81 qəpik) ödəniləcək.

Qeyd edək ki, Akademik Zülfüqar Məmmədov adına xəstəxana 1959-cu ildən fəaliyyət göstərir. Əvvəlcə bu tibb müəssisəsi Kirovabad şəhər Təcili Tibbi Yardım Xəstəxanası adlanıb, 1988-ci ildən isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanası olaraq fəaliyyət göstərir.

Xəstəxana 3 mərtəbədən və 2 korpusdan ibarətdir. Burada 1960-cı ildən travmatologiya, terapiya və yardımçı şöbələr, 1983-cü ildən isə cərrahiyyə şöbəsi fəaliyyət göstərir.