Bu ilin yanvar-oktyabr ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunmuş sübutlara əsasən, 40 fiziki və hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, qanunamüvafiq tədbirlər görülüb.
Fins.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında qeyd edib.
“Tərtib edilmiş protokolların sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 42% azalma qeydə alınıb.
İstehlakçı məmnuniyyətinin təmin edilməsi istiqamətində sahibkarlar tərəfindən səylərin artırılması sahibkar-istehlakçı münasibətlərində qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir və Dövlət Xidməti tərəfindən aparılan intensiv maarifləndirmə tədbirləri də bu prosesə mühüm töhfə verir”, - deyə paylaşımda qeyd olunub.