Azərbaycanda əməkhaqqı gəlirlərinin vergidən azad edilməsi özəl sektorda əmək müqavilələrinin payını 2018-ci ildəki 37,1%-dən 52,4%-ə çatdırıb. Bu artım, xüsusilə qeyri-neft sektorunun özəl bölməsində həyata keçirilən şəffaflaşma islahatlarının nəticəsidir.
Fins.az-ın məlumatına görə, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib ki, 2019-cu ildə başlanan islahatlar əmək münasibətlərinin leqallaşdırılmasında ciddi irəliləyişlərə səbəb olub. Ən mühüm addımlardan biri, 8 min manata qədər aylıq əməkhaqqı gəlirlərinin vergidən azad edilməsi olub. Bu tədbir nəticəsində vergi yükü azaldılıb, işəgötürənlər əmək münasibətlərini rəsmi şəkildə qurmağa və əməkhaqqı məbləğlərini leqallaşdırmağa daha çox təşviq edilib.
S. Musayeva qeyd edib ki, bu islahatların tətbiqi nəticəsində əmək münasibətlərinin rəsmi şəkildə qurulmasında 32%-lik artım qeydə alınıb, qeyri-neft sektorunun özəl bölməsində isə bu göstərici 80%-ə yaxınlaşıb. Nəticədə 451 min yeni əmək müqaviləsi bağlanıb.
Bundan əlavə, 2018-ci illə müqayisədə 2024-cü ilin əvvəlinə əməkhaqqı fondu ümumilikdə 2,3 dəfə, qeyri-neft sektorunun özəl bölməsində isə 2,4 dəfə artıb. Bu artım, sosial yığımların həcmini 2,2 dəfə artırıb.
Samirə Musayeva bu islahatları ölkədə əmək bazarının leqallaşdırılması və sosial təminat sisteminin gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib.