Türkiyənin aparıcı şirkətləri Kazaxıstanı investisiya mərkəzi olaraq seçiblər.
Fins.az xəbər verir ki, LC Waikiki, Almatıda 12 milyon dollarlıq (420 milyon TL) yeni bir lojistik mərkəz qurmağa hazırlaşır. Bu mərkəz Orta Asiya ölkələrinə məhsul paylanması üçün əsas baza olacaq.
Digər bir böyük layihə Aktobe bölgəsində S Sistem Lojistik ilə Kazpost JSC arasında planlaşdırılıb. 25 milyon dollar dəyərində olacaq bu lojistik mərkəz Xəzər sahillərində yeni turizm mərkəzi üçün strateji önəm daşıyır.
Sənaye və İstehsal Yatırımları
Kazaxıstanda dərman, dəri və metal sektorlarına da diqqət ayrılıb. Türk dərman şirkəti Orzax, Almatıda 40 milyon dollarlıq istehsal müəssisəsi açaraq 300 yeni iş yeri yaradacaq. Eyni zamanda, İskefe Holding Almatıda 40 milyon dollarlıq investisiya ilə illik 7 min ton jelatin istehsalı üçün zavod quracaq.
Roz Metal isə Çimkentdə alüminium və mis istehsalı layihəsinə başlayıb. Şirkət əvvəllər də Kazaxıstanda müxtəlif metal emalı layihələri həyata keçirmişdi.
Türk-Kazax Ticarət Əlaqələri
1992-ci ildə 30 milyon dollar olan Türkiyə-Kazaxıstan ticarət həcmi bu gün 6 milyard dolları keçib. Kazaxıstanın böyük coğrafiyası və Çin ilə sərhədi ölkəni lojistik mərkəz kimi ön plana çıxarır. Türk şirkətləri bu üstünlükləri nəzərə alaraq bölgədə müxtəlif sahələrdə fəaliyyətlərini genişləndirirlər.