BİZNES

28 Fevral

“İxrac icmalı”nın fevral sayı dərc olunub

Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın fevral sayını təqdim edib. İcmala əsasən, 2025-ci ilin yanvar ayında  Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,7% artaraq 245,8 milyon  ABŞ dolları təşkil edib.

Cari ilin birinci ayında yeyinti məhsullarının ixracı 19,7% artaraq 84,2 milyon ABŞ dollarına bərabər olub. İxrac olunan məhsullar arasında qara metallar və ondan hazırlanan məmulatlar 2,8 dəfə, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 34,9%, alkoqollu və alkoqolsuz içkilər 39,2%, üzvi kimyəvi birləşmələr 52,4% artıb.

2025-ci ilin yanvar ayında aqrar məhsulların ixracı 10,4% artaraq 64,8 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı 44,3% artaraq 22,2 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,5% artaraq 87,1 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (21.1 milyon ABŞ dolları) birinci, karbamid (21 milyon ABŞ dolları) ikinci, xurma (19.3 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

Qeyd olunan müddətdə Rusiya Federasiyasına 81,1 milyon ABŞ dolları, Türkiyəyə 37,1 milyon ABŞ dolları, Gürcüstana 26,5 milyon ABŞ dolları,  İsveçrəyə 22,2 milyon ABŞ dolları, Ukraynaya isə 21,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2025-ci ilin yanvar ayında hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "LEPIN LM" Məhdud Məsuliyyətli Cəmiyyəti, "MKT İstehsalat Kommersiya" MMC, "6LSYSTEMS" MMC, "EXPORT STREAM" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Baku Steel Company" QSC, "Uytrop" Məhdud Məsuliyyətli Cəmiyyəti, "AGRARCO" MMC, "MİLK PRODUCTS" Məhdud Məsuliyyətli Cəmiyyəti, "KHAN-EL" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərenerji” ATSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “Avia-Aqreqat Zavodu” MMC, “Qaradağ Şüşə Zavodu” ASC.

2025-ci ilin yanvar ayında aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 36 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 69%-ni təşkil edib.

Qeyd olunan dövrdə 36 ölkədən 88-ə yaxın şirkətə peyk telekommunikasiya xidmətləri ixrac olunub. Xidmət ixrac olunan ölkələr arasında Lüksemburq, Birləşmiş Krallıq, Misir, Türkiyə, Rusiya, Tanzaniya və CAR böyük paya sahibdir.

Zemfira Ms
Finss.az