BİZNES

26 Fevral

Brent neftinin qiyməti bir barel üçün 73 dollardan aşağı düşüb

Neft fyuçerslərinin qiymətləri çərşənbə günü cüzi yüksəlişdən sonra əvvəlki ticarət bağlanışlarına geri düşüb.

Finss.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:07-də ​​Brent markalı aprel fyuçersləri Londonun ICE Futures birjasında 0,06 dollar (0,08%) ucuzlaşaraq bir barel üçün 72,96 dollar olub. Bu vaxta qədər WTI markalı neftin aprel fyuçersləri NYMEX birjasında 0,02 dollar (0,03%) bahalaşaraq barelə görə 68,95 dollar təşkil edib.

Brent və WTI kontraktları sonuncu sessiyanı dekabrın ortalarından bəri ən aşağı həddə başa vurub.

Neftin qiymətini aşağı salan əsas amillər Ukraynadakı münaqişənin həll olunacağı təqdirdə Rusiyadan tədarükün bərpası gözləntiləri, həmçinin ticarət tarifləri səbəbindən qlobal iqtisadi artımın və neftə tələbatın azalması ilə bağlı narahatlıqlardır. Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Meksika və Kanadadan idxala bir aydır təxirə salınan rüsumların hələ də qüvvəyə minəcəyinə işarə etmişdi.