BİZNES

25 Fevral

Inditex Barselonada yeni qərargah tikməyi planlaşdırır

Dünyanın ən böyük geyim pərakəndə satış şirkətlərindən biri olan İspaniyanın Industria de Diseno Textil SA (Inditex) şirkəti Barselonada qrupa daxil olan bir sıra brendlərin baş qərargahının yerləşəcəyi yeni bina kompleksi tikməyi planlaşdırır.

Finss.az xəbər verir ki, şirkətin mətbuat xidmətindən verilən məlumata görə, kompleks Sant Andria de Besos ərazisində yerləşəcək və 1500 işçini qəbul edəcək. Geyim dizaynı, kommersiya idarəçiliyi və Massimo Dutti, Bershka, Oysho və Lefties brendlərinin onlayn satışı sahələrindəki əməliyyatlar buraya köçürüləcək.

Bu əməliyyatlar hazırda Barselona yaxınlığında yerləşən Tordera şəhərindən həyata keçirilir. Bu kompleksin həmçinin yeni investisiyalar alacağı və yalnız logistikaya diqqət yetirəcəyi gözlənilir.

Son 12 ayda Inditex-in bazar kapitallaşması demək olar ki, 27% artaraq 161,3 milyard avroya çatıb.