BİZNES

05 Dekabr

"myGov" platforması ilə 22 sənəd rəqəmsal olacaq: qanunlarda yeniliklər gözlənilir

Azərbaycanda 22-yə yaxın sənədin rəqəmsal formada təqdim olunması üçün 17 qanunda dəyişiklik edilməlidir.

Fins.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr müavini Rəşad Xalıqov Bakıda keçirilən I Beynəlxalq "Caspian Innovation Forum"da bildirib.

"Plan belədir ki, vətəndaş "myGov" platforması vasitəsilə dövlət orqanlarından verilmiş 22-yə yaxın sənədi rəqəmsal formada əldə edə və təkrar istifadə edə bilsin. Bu məqsədlə qanunvericilik sahəsində ciddi işlər görülməlidir. Həmin 22 sənəd 17 qanunu əhatə edir. Buna görə də bu sənədlərin hüquqi qüvvəsinin təsbit edilməsi üçün 17 qanunda dəyişikliklər edilməlidir," - deyə R. Xalıqov vurğulayıb.

O, müqayisə üçün qeyd edib ki, daha əvvəl 4 sənədin – şəxsiyyət vəsiqəsi, doğum, nikah və ölüm haqqında şəhadətnamələrin rəqəmsal statusunun qəbul olunması üçün 200-dən çox normativ aktda dəyişikliklər edilib.