BİZNES

26 Noyabr

Azərbaycanda 5000 manata qədər məhsulların ixracı gömrük ödənişlərindən azad ediləcək

Azərbaycanda ümumi dəyəri 5 000 manata qədər olan bütün məhsulların ixracı, gömrük ödənişlərindən və broker xidmətlərindən azad ediləcək.

Fins.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrinin müşaviri Zaur Qardaşov bildirib.

Zaur Qardaşov, KOBİA-nın yaradıldığı ilk gündən elektron ticarətin inkişafına böyük diqqət yetirdiyini və Azərbaycanda elektron ticarətin inkişafı üçün şərait yaradıldığını, qanunvericilik bazasının təkmilləşdirildiyini qeyd edib. Həmçinin, KOB-lara "Startap" şəhadətnaməsi təqdim edildiyini və bu şəhadətnaməni alan KOB subyektlərinin innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunduğunu bildirib. İndiyə qədər 200-ə yaxın KOB subyektinə "Startap" şəhadətnaməsi təqdim edilib, bunlardan 30-u elektron ticarət sahəsində fəaliyyət göstərir.

Zaur Qardaşov, elektron ticarətin iqtisadiyyatda önəmli sektor olduğunu, ekosistemi inkişaf etdirdiyini və KOB-ların inkişafına xidmət etdiyini vurğulayıb.