"Dövlət-özəl tərəfdaşlığı" layihəsi çərçivəsində özəl tərəfdaşlara vergi güzəştləri tətbiq olunacaq.
Fins.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev "Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” mövzusunda keçirilən tədbirdə deyib.
Quliyev qeyd edib ki, bu layihə əsasən iri investisiyaların cəlb olunması məqsədilə həyata keçirilir və əsasən 30 milyon manatdan yuxarı dəyəri olan layihələri əhatə edir. Bu layihələr, həmçinin strateji sahələri də kapsayır.
Vergi güzəştləri isə mənfəət, gəlir vergisi, əmlak və torpaq vergiləri, habelə idxal üzrə əlavə dəyər vergisi sahələrində tətbiq olunacaq. Güzəşt müddəti isə 30 ildən çox olmayan dövr üçün nəzərdə tutulub.
Əvəz Quliyev həmçinin qeyd edib ki, bu cür güzəştlər "yaşıl iqtisadiyyat" sahəsində, xüsusən də bərpa olunan enerji layihələrində də tətbiq olunacaq. Məsələn, elektrik enerjisinin istehsalı ilə bağlı layihələrə də bu güzəştlərin verilməsi planlaşdırılır.