Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Nicat Hacızadə:
"Azərbaycan və Çin arasında iqtisadi-ticari əlaqələr ötən illərlə müqayisədə inkişaf etməkdədir. Prezident İlham Əliyevin Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsinin əsas məqamları şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Nicat Hacızadə bildirib ki, 2024-cü ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi 20,7% artaraq 3.7 milyard ABŞ dolları təşkil edib. Habelə 2024-cü ilin yanvar-sentyabr aylarının rəsmi statistikasına əsasən, Azərbaycan ilə Çin arasında xarici birbaşa investisiya dövriyyəsi 85,9% artaraq 14 milyon ABŞ dolları səviyyəsinə çatıb. Çin investorları tərəfindən qeyd edilən dövrdə Azərbaycana yönəldilən birbaşa xarici investisiyanın həcmi ötən ilə nəzərən 92,8% artaraq 11,4 milyon ABŞ dolları təşkil edib. Bütün bu göstəricilər Azərbaycan ilə Çin arasında investisiya və ticari əlaqələrin yüksəlməsinin göstəricisidir.
İİTKM-in "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadənin sözlərinə görə, hər iki dövlət arasında son 10 il ərzində iqtisadi sahədə əsas müzakirə mövzusu “Orta Dəhliz” layihəsi olub. Çinin “Bir Kəmər, Bir Yol Təşəbbüsünə” ilk qoşulan və dəstəkləyən Azərbaycan “Orta Dəhliz” layihəsinə dəstək verməklə yalnız regional tranzit imkanlarını gücləndirməyi planlamır, həmçinin müəssisələrin yaradılmasını hədəfləyir. Prezident İlham Əliyev müsahibəsində qeyd edilən məsələyə toxunaraq Azərbaycanda investisiya cəlbi üçün institusional şəratinin formalaşmasına diqqəti cəlb edib. Çünki Azərbaycan həm qərb, həm şərq müəssisələri üçün unikal coğrafiyada yerləşir. Bir sıra hallarda Çində ixrac məqsədli məhsulların istehsalına ehtiyac yoxdur. Həmin müəssisələr “Ələt Azad İqtisadi Zonası”sının ərazisində əsas kapitala sərmayə qoyaraq Çin mənşəli məhsulları qərb bazarlarına çıxara bilərlər. Habelə qərb müəssisələrinin istehsalını azad iqtisadi zonalarda quraraq Çin bazarlarına çıxış əldə etmək imkanları var.
“Transxəzər Şərq-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizi Çini Mərkəzi Asiya, Qafqaz, Türkiyə vasitəsilə Avropa İttifaqı ilə birləşdirən və Şimal marşrutuna (Çin-Qazaxıstan-Rusiya-Belarus-Avropa), eləcə də Süveyş Kanalı vasitəsilə dəniz yoluna alternativ olan multimodal nəqliyyat dəhlizidir. Azərbaycan “Orta Dəhliz”in önəmini və cəlbediciliyini artırmaq məqsədilə ümumi uzunluğu təxminən 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini həyata keçirib. Habelə Şərqi Zəngəzur iqtisadi rayonu vasitəsilə Naxçıvana birləşəcək Zəngəzur dəhlizi layihəsi “Orta Dəhliz”in imkanlarını daha da artıracaq.
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin rəhbəri əlavə edib ki, Çin Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Belə ki, 2024-cü ildə 3,7 milyard ABŞ dolları ilə Çin Xalq Respublikası Rusiya Federasiyasını qabaqlayaraq Azərbaycanın əsas idxal tərəfdaşına çevrilib. Habelə Azərbaycan Çinə neft və neft məhsulları, kimya və plastik sənaye məhsulları, spirtli və spirtsiz içkilər ixrac edir. Beynəlxalq Ticarət Mərkəzinin hesablamalarına görə, Azərbaycanın Çin bazarına əlvan və qiymətli metallar, ərzaq sənayesi məhsulları göndərmək imkanları var.
Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, Çin iqtisadiyyatı sürətlə inkişaf etdikcə, qazıntı enerji növünə olan tələbat daha da artır. Bu həm praktiki, həm də empirik olaraq sübut edilib. Çin xam neft və neft məhsulları istehlakı üzrə dünyanın lider ölkələri arasındadır. Eyni zamanda, Çin iqtisadiyyatında baş verən dəyişikliklər neft qiymətlərində öz əksini tapır.
Azərbaycan Çin bazalarında genişlənmək məqsədilə ticarət nümayəndiliyi və ticarət evləri açıb. Dünyanın ən böyük məhsul sərgiləri Çində keçirilir. Bu baxımdan, Azərbaycan Çin bazarlarına ixracı şaxələndirərək ticarət şərtlərini daha da yaxşılaşdıra bilər."
![](/file/articles/2025/02/13/1739431294_8384be2390457019ed4dfc72b01440c9.jpg)
Zemfira Ms
Finss.az