BİZNES

11 Fevral

Dünya Bankının nümayəndələri ilə görüş keçirilib

Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı İvailo İzvorski, proqram rəhbəri Miquel Sançez Martin və aparıcı iqtisadçılar Roberto Jaef və Stiv Loris Gui-Dibini qəbul edib.

Görüşdə V. Qasımlı dövlət proqramlarının idarə edilməsi, ortamüddətli xərclər çərçivəsi və dövlət investisiya proqramının icrası ilə bağlı görülən işləri xüsusi qeyd edib. O, İİTKM-də yaradılan monitorinq və qiymətləndirmə institutu, eləcə də dataəsaslı, real vaxt rejimində və süni intellekt texnologiyalarından istifadə edən rəqəmsal platformalar vasitəsilə aparılan qiymətləndirmə prosesi barədə qonaqlara ətraflı məlumat verib. Mərkəzin icraçı direktoru Azərbaycanın iqtisadi artım tempinin qlobal göstəricini üstələməsini, ölkənin investisiya reytinqi almasını və MDB-də kredit reytinqinə görə ilk üçlükdə mövqelənməsini, həmçinin xalis xarici kreditor mövqeyinin ÜDM-in 150%-dən, xalis dövlət aktivlərinin isə ÜDM-in 70%-dən çox olmasını bildirib.  V.Qasımlının fikrincə, bu göstəricilər investisiyaların cəlb edilməsi və innovasiyaların inkişafı istiqamətində imkanlar yaradır. Görüşdə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı İvailo İzvorski və digər qonaqlar yeni açıqlanan “Dünya İnkişafı haqqında Hesabat 2024: Orta Gəlir Tələsi” tədqiqatının istiqamətləri barədə geniş məlumat verib və tədqiqatın nəticələrinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə İİTKM-in icraçı direktorunun müşaviri Təranə Salıfova, Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Vüsalə Cəfərova, İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva, Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Gültac Əhmədzadə-Tapdıqzadə də iştirak ediblər.

Zemfira Ms
Finss.az