100 milyard manat yatırım bölgələrdə ÜDM-i 4 dəfə artırıb
Azərbaycanda regional dövlət proqramlarının (2004-2008, 2009-2013, 2014-2018 və 2019-2023-cü illər üzrə) uğurla həyata keçirilməsi ötən 21 ildə ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafına, kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəlməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə əhalinin məşğulluğunun artmasına, eləcə də yoxsulluq səviyyəsinin azalmasına təkan verib.
Bütün bu qeyd edilənlərlə yanaşı, 2004-cü ildən uğurla icra olunan regional proqramlar şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişib, bölgələrdə sosial-iqtisadi inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin yaxşılaşmasına və ekoloji təhlükəsizliyin güclənməsinə əlverişli şərait yaradıb.
Ümumiyyətlə, regional dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində aşağıdakı nəticələr əldə olunub:
Azərbaycanda regional dövlət proqramlarının (2004-2008, 2009-2013, 2014-2018 və 2019-2023-cü illər üzrə) uğurla həyata keçirilməsi ötən 21 ildə ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafına, kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəlməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə əhalinin məşğulluğunun artmasına, eləcə də yoxsulluq səviyyəsinin azalmasına təkan verib.
Bütün bu qeyd edilənlərlə yanaşı, 2004-cü ildən uğurla icra olunan regional proqramlar şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişib, bölgələrdə sosial-iqtisadi inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin yaxşılaşmasına və ekoloji təhlükəsizliyin güclənməsinə əlverişli şərait yaradıb. Ümumiyyətlə, regional dövlət proqramlarında
nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində aşağıdakı nəticələr əldə olunub:
– regionların, o cümlədən kənd yerlərinin inkişaf potensialı daha da güclənib və bu potensialdan istifadənin səmərəliliyi yüksəlib;
– regionlarda iqtisadiyyat daha da şaxələndirilib, yeni müasir emal müəssisələri açılıb, qeyri-neft sənayesi daha da inkişaf edib;
– yerli iqtisadiyyatın rəqabət qabiliyyətliyi daha da artıb;
– kənd təsərrüfatı məhsullarının istehsal və emal həcmində yüksək artım dinamikası əldə edilib;
– regionların məhsul istehsalı və emalı üzrə ixtisaslaşması dərinləşib;
– qeyri-neft ixracının həcmi və çeşidi daha da artıb;
– fermer tərəfdaşlığı və kənd təsərrüfatında kooperasiya, o cümlədən aqrar-sənaye inteqrasiyası inkişaf edib.
Bütün bunlarla bərabər, regional dövlət proqramlarının yüksək səviyyədə icrası ilə iqtisadiyyatda məhsuldarlıq və əlavə dəyər yüksəlib, bölgələrdə məşğulluq imkanları genişlənib, turizm potensialı daha da güclənib, KOB-ların sayı çoxalıb, onların fəaliyyəti genişlənib və yerli iqtisadiyyatda əlavə dəyərin artımına təkan verilib.
Prezident İlham Əliyevin 2004-cü il 11 fevral tarixli fərmanı ilə təsdiqlənən ilk regional dövlət sənədinin – “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” nın isə əsas məqsədi qeyri-neft sektorunun davamlı inkişafı, ölkə regionlarının tarazlı inkişafının təmin edilməsi, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin və müəssisələrin yaradılması nəticəsində əhalinin məşğulluq səviyyəsinin artırılması və həyat səviyyəsinin yüksəldilməsindən ibarət olub. Adıçəkilən proqramın uğurlu icrası bütün regionların inkişafında yeni bir mərhələnin yaranması ilə nəticələnib, eyni zamanda, bu əsasda formalaşan əlverişli iqtisadi mühit ölkənin sosial-iqtisadi inkişafı sahəsində başlanan tədbirlərin davam etdirilməsini sürətləndirib.
Ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə 2004-cü ildən başlanılan və hazırda da uğurla gerçəkləşdirilən tədbirlərin davam etdirilməsi üçün dövlətimizin başçısının 2009-cu il 14 aprel tarixli fərmanı ilə təsdiqlədiyi ikinci regional sənədin – “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” dövlət proqramının uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə olunub, əhalinin həyat səviyyəsi daha da yüksəlib.
Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılan məqsədyönlü siyasətin davamı olaraq 3-cü və 4-cü regional dövlət proqramlarının əsas məqsədi isə ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusilə kəndlərin inkişafı ilə bağlı infrastrukturun, eləcə də sosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarət olub.
Prezident İlham Əliyevin bölgələrə mütəmadi səfərləri 4 regional proqramın icrasını stimullaşdırıb, regionların tarazlı inkişafının gerçəkləşdirilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində görülən işləri sürətləndirib. Proqramların reallaşdırıldığı dövr ərzində dövlət başçısı 1800-dən çox infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirak edib, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olub, yerlərdə ictimaiyyətin nümayəndələri ilə, o cümlədən sahibkarlarla görüşlər keçirib, qaldırılan məsələlərlə yaxından maraqlanıb, eyni zamanda müxtəlif rayon və şəhərlərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində 650-dək sərəncam imzalayıb. Regional proqramların qəbulundan ötən müddət ərzində ölkədə sahibkarlığın dinamik inkişaf etdirilməsi və genişləndirilməsi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi, eləcə də onların hüquqlarının etibarlı müdafiə mexanizmlərinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilib, respublikada güclü özəl sektor formalaşdırılıb, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb, iş adamlarının sayı artaraq ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilib.
Ümumiyyətlə, 4 regional dövlət proqramı çərçivəsində bölgələrə 100 milyard manatdan çox investisiya yatırılıb. Nəticədə, regionların siması müasirləşib, əhalinin rifahı, sosial şəraiti getdikcə yaxşılaşıb. ÜDM istehsalı, təxminən, 4 dəfə çoxalıb, qeyri-neft sektoru üzrə isə 3,4 dəfəyə yüksəlib. Prezident İlham Əliyev 2024-cü ilin sonunda iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışı zamanı il ərzində Azərbaycanın iqtisadi artım tempinin inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələdiyini vurğulayıb. Ölkə rəhbərinin həyata keçirdiyi siyasət nəticəsində hesabat ilində iqtisadiyyatın neftdən asılılığı minimuma endirilib və sahibkarlığın inkişafını şərtləndirən rəqabətqabiliyyətli milli iqtisadiyyatda yeni mərhələnin əsası qoyulub. Biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsi, o cümlədən inzibati qayda və prosedurların təkmilləşdirilməsi kimi məsələlər də diqqətdə saxlanılıb.
Bütün bunların nəticəsində hesabat dövründə iqtisadi sektorda yüksək göstəricilər əldə olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə ölkədə 126,3 milyard manatlıq və ya 2023-cü illə müqayisədə 4,1 faiz çox ÜDM istehsal edilib. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər istehsalı 0,3 faiz, qeyri neft-qaz sektorunda isə 6,2 faiz yüksəlib.
Son illər ölkə iqtisadiyyatının əsasını təşkil edən sənayedə yeni istehsal müəssisələrinin yaradılması, bu sahədə infrastruktur təminatının yaxşılaşdırılması ilə bağlı çoxsaylı layihələr icra olunur, bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir. Eyni zamanda, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən mühüm işlər sənaye sahəsində ümumi istehsalın artmasına səbəb olmaqla yanşı, qeyri-neft sektorunun inkişafına da mühüm töhfələr verir.
Bu baxımdan 2024-cü il də ölkə sənayesi üçün dinamik inkişaf dövrü kimi xarakterizə oluna bilər. Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən hesabat ilində 64,1 milyard manatlıq və ya 2023-cü illə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal edilib. Neft–qaz sektorunda məhsul istehsalı 0,5 faiz, qeyri–neft–qaz sektorunda isə 7,3 faiz çoxalıb. Sənaye məhsulunun 64,3 faizi mədənçıxarma, 29,8 faizi emal, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Regional dövlət proqramları çərçivəsində kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilən tədbirlər də əsas prioritet istiqamətlərdəndir. Aqrar sahənin vergilərdən azad edilməsi, subsidiyaların, güzəştli kreditlərin verilməsi və digər dövlət dəstəyi mexanizmlərinin tətbiqi, bu sahədə infrastrukturun yaxşılaşdırılması, dövlət investisiyaları hesabına Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları, Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri layihələrin reallaşdırılması, həyata keçirilən meliorativ tədbirlər, aqrotexniki xidmət işlərinin yerinə yetirilməsinin keyfiyyətini yüksəltmək üçün “Aqrolizinq” ASC-nin yaradılması, 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi kimi tədbirlər bu sahənin inkişafına təkan verib. Bunun nəticəsidir ki, ötən dövrdə ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq sahələri inkişaf etdirilib, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşdırılıb. Ötən müddət ərzində iri fermer təsərrüfatları, aqroparklar, intensiv bağçılıq təsərrüfatları, müasir istixanalar, logistik mərkəzlər yaradılıb, kənd təsərrüfatı məhsulları istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazası möhkəmləndirilib.
Aqrar sektorun innovativ əsaslara keçirilməsi, o cümlədən aqroparkların yaradılması əsas hədəflərdəndir. Dövlət başçısının tapşırığına uyğun olaraq hazırda 33 rayon üzrə 258,3 min hektar ərazidə 51 aqroparkın, o cümlədən 17 müasir cins heyvandarlıq kompleksinin və 34 iri bitkiçilik təsərrüfatlarının yaradılması üzrə işlər sürətlə davam etdirilir. Bununla yanaşı, Prezident İlham Əliyev tərəfindən ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın, baramaçılığın, ipəkçiliyin, tütünçülüyün, çəltikçiliyin, çayçılığın, fındıqçılığın, sitrus meyvəçiliyinin, üzümçülüyün və şərabçılığın inkişafı istiqamətində imzalanmış sərəncamlar, təsdiq olunmuş sahəvi proqramlar, həmçinin istehsalçılara subsidiyaların verilməsi haqqında qəbul olunmuş qərarlar müvafiq sahələr üzrə istehsal və ixrac potensialının artırılmasına və məşğulluq səviyyəsinin yüksəlməsinə mühüm təkan verib.
Aqrar sahədə həyata keçirilmiş sistemli tədbirlər nəticəsində ölkəmizin kənd təsərrüfatı və ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib, ərzaq məhsullarının istehsalı çoxalıb, ixrac imkanları genişlənib. Dövlət proqramlarının icrası dövründə sahibkarlığın inkişafı sahəsində sistemli və ardıcıl tədbirlər həyata keçirilib, qanunvericilik bazası təkmilləşdirilib, inzibati prosedurlar sadələşdirilib, vergi yükü azaldılıb, sahibkarlığa sistemli dövlət dəstəyi tədbirləri həyata keçirilib.
Regional inkişafla bağlı dövlət proqramları çərçivəsində qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrini təşkil etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə regionlarda sənaye parklarının, sənaye məhəllələrinin yaradılması istiqamətində xeyli işlər görülüb və müsbət nəticələr əldə olunub. Məsələn, respublikamızın sənaye zonalarında investisiya portfeli 7,9 milyard manat olan 152 sahibkarlıq subyektinə rezidentlik, 10 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manat investisiya yatırılıb ki, bunun da hesabına 84 müəssisə fəaliyyətə başlayıb, 10 min 700-dən artıq daimi iş yeri yaradılıb.
Qeyd edək ki, 2024-cü ildə sənaye zonalarında 31 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, bunun da 14-ü Ağdam Sənaye Parkının, 8-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 3-ü Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Parkının, 2-si Masallı Sənaye Məhəlləsinin, 2-si Sabirabad Sənaye Məhəlləsinin payına düşüb. Bununla yanaşı, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 1 sahibkarlıq subyektinə qeyri-rezidentlik statusu verilib. Onun sözlərinə görə, ötən il sənaye zonalarında fəaliyyətə başlayan 10 müəssisə tərəfindən, ümumilikdə, 48,6 milyon manat investisiya yatırılıb, 389 daimi iş yeri yaradıb. Hazırda həmin müəssisələrdə müxtəlif təyinatlı tikinti materialları, ayaqqabılar, dəmir yolu avadanlıqları, elektrik malları və s. məhsullar istehsal olunur.
Son illərdə ölkədə aqroparkların yaradılması istiqamətində də genişmiqyaslı layihələr reallaşdırılıb. Respublikada 2-si dövlət, 22-si özəl olmaqla, ümumilikdə, 24 aqropark qeydiyyata alınıb. Həmin parklardan 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Aqroparkların ümumi layihə dəyəri 1,1 milyard manat təşkil edir ki, bunun da faktiki olaraq 0,9 milyard manatı özəl investisiya şəklində layihələrin reallaşdırılmasına yatırılıb. İndiyədək aqroparkların yaradılması və ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə 158,9 milyon manat dövlət dəstəyi göstərilib. Bugünədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən 16 aqroparkın yaradılmasına 142,4 milyon manat güzəştli kredit ayrılıb. İnvestisiya təşviqi sənədi almış 17 aqropark isə texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16,5 milyon manat dəyərində güzəşt əldə edib.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərin yenidən salınması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi fəallığın təmin olunmasına xidmət edir.
Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan öz imkanları hesabına həyata keçirir. Yaxın 3 ildə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir əyani göstəricisinə çevrilir. Qarabağ və Şərqi Zəngəzurda salınan “ağıllı kənd”lərdə “ağıllı” texnologiyalardan istifadə edilir. “Yaşıl” enerjidən istifadə olunmaqla kanalizasiya təmizləmə qurğuları quraşdırılır. Bütün növ qənaətli texnologiyalar “ağıllı kənd” konsepsiyası çərçivəsində tətbiq edilir. Evlərin inşası zamanı təbii materiallardan, “smart” texnologiyaların istifadə olunur.
Hazırda işğaldan azad edilən ərazilərdə ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgələrdə reallaşdırılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Bütün bunlarla bərabər, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası məqsədilə mühüm tədbirlər həyata keçirilir. Erməni faşizmi tərəfindən tamamilə dağıdılan iqtisadiyyatın qurulması üçün iqtisadi fəaliyyətin canlanması sürətləndirilir və əlverişli biznes mühitinin formalaşdırılması təmin edilir.
Regional inkişafdan danışarkən, bu sahədə mühüm önəm daşıyan bir məqama da xüsusi toxunmaq istərdik. Belə ki, 2004-cü il fevralın 11-də ilk regional Dövlət Proqramı qəbul edildikdən indiyədək avtomobil yolları şəbəkəsinin yeniləşməsi və inkişafı istiqamətində paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhər yollarında 2004-2024-cü illər ərzində beynəlxalq standartlara cavab verən, müasir texnologiyalar əsasında, orijinal dizaynda 335 körpü və yol ötürücüsü tikilmiş, 56-ı təmir edilmiş, 163 yeraltı və yerüstü piyada keçidi və 45 tunel inşa edilib.
Təbii ki, bu qurğuların istismara verilməsi nəqliyyat sistemində sıxlıq və tıxacların aradan qaldırılması, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinin təmin edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Ölkəmizdə yeni yolların salınması, mövcud yolların əsaslı şəkildə yenidən qurulması ilə bağlı layihələr durmadan uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanda yol-nəqliyyat məsələləri ilə bağlı vəzifələri və hədəfləri də yenilədi. Bu gün işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin şəxsi nəzarəti ilə dünyanın ən modern yol infrastrukturu yaradılır.
2020-2024 cü illərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində, həmçinin dövlət başçısının sərəncamları əsasında 44 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir.
İşğaldan azad edilmiş ərazilərdə icra olunan avtomobil yolları üzərində ümumi uzunluğu 70,8 km olan 45 tunel, ümumi uzunluğu 9581,6 m 447 körpü və ümumi uzunluğu 3871 m olan 16 viaduk inşa edilir. İndiyədək uzunluğu 59,6 km təşkil edən 28 tunelin, uzunluğu 8339,1 metr təşkil edən 392 körpünün və uzunluğu 1695 metr olan 9 viadukun tikintisi başa çatıb.
©Xalq qəzeti
![](/file/articles/2025/02/11/1739259638_2.jpg)
![](/file/articles/2025/02/11/1739259676_3.jpg)
![](/file/articles/2025/02/11/1739259686_4.jpg)
![](/file/articles/2025/02/11/1739259690_6.jpg)