Miçiqan Universitetinin ilkin hesabatına görə, ABŞ istehlakçı inamı indeksi fevralda bir ay əvvəlki 71,1-dən 67,8-ə düşüb.
Finss.az xəbər verir ki, fevral göstəricisi son yeddi ayın ən aşağı göstəricisi olub.
“Trading Economics”in sorğusuna qatılan analitiklər indeksin orta hesabla əvvəlki ayın 71,1 bal səviyyəsində qalacağını gözləyirdilər.
2024-cü ilin fevral ayında onun dəyəri 76,9 bal təşkil edirdi. ABŞ istehlakçılarının cari maliyyə vəziyyətlərinə münasibətinin alt indeksi yanvarda 74-dən bu ay 68,7-yə düşüb. Növbəti altı ay üçün istehlakçı gözləntiləri göstəricisi keçən ayki 69,3 bənddən 67,3 bəndinə düşüb.
Gələn il üçün əhali arasında inflyasiya gözləntiləri fevral ayında artaraq 2023-cü ilin noyabrından bu yana ən yüksək həddə, 4,3%-ə (yanvarda 3,3%) çatıb. Uzunmüddətli (5 illik) inflyasiya təxmini 3,2%-dən 3,3%-ə yüksəldi.
Miçiqan Universiteti fevralın 21-də yanvar ayı üçün yekun istehlakçı inamı indeksini açıqlayacaq.