BİZNES

07 Fevral

Bəzi vergi ödəyicilərinin vəzifələri dəyişdi: qaydalar, məlumatlar

Xəbər verdiyimiz kimi, Vergi Məcəlləsində 2025-ci il yanvarın 1-dən qüvvəyə minmiş bir sıra yeni tələblər yer alıb, eləcə də redaktə tipli dəyişikliklər edilib.

Finss.az xəbər verir ki, iqtisadçı ekspert Anar Bayramov həmin dəyişiklikləri “vergiler.az”a şərh edir.

Vergi Məcəlləsinin 16.1.4-1-ci maddəsində edilmiş dəyişikliyə əsasən, həmin Məcəllənin 14-1.9-cu maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydalarda nəzərdə tutulmuş sənədləri ilə yanaşı, məlumatları da vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicinin vəzifəsidir.

Qeyd edək ki, Vergi Məcəlləsinin 14-1.9-cu maddəsi transfer qiymətlərinin müəyyən olunmasını tənzimləyir. Vergilər Nazirliyinin Kollegiyasının 27 yanvar 2017-ci il tarixli, 1717050000006200 nömrəli qərarı ilə transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları müəyyən edilib. Həmin qaydalarda vergi ödəyici tərəfindən, sənədlərlə yanaşı, məlumatların da təqdim edilməsi nəzərdə tutulub. Amma Vergi Məcəlləsinin 16.1.4-1-ci maddəsində sırf sənədlər qeyd edildiyi üçün "məlumatlar" sözünün də əlavə olunmasına ehtiyac yaranmışdı.

Digər redaktə tipli dəyişiklik transmilli şirkərlər qrupu ilə bağlıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 28 aprel 2020-ci il tarixli, 1 nömrəli qərarı ilə "Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası” təsdiq edilib. Həmin qaydalara əsasən, Azərbaycan Respublikasının rezidenti olan və transmilli şirkətlər qrupuna daxil olan əsas müəssisə, müvəkkil müəssisə və ya qrupdaxili müəssisə hesabat verilən ilin 30 iyun tarixinədək bu qaydaya əlavə edilən bildirişi (2 nömrəli əlavəni) elektron ərizə vasitəsilə vergi orqanlarına təqdim etməlidir:

- əsas müəssisə və ya müvəkkil müəssisə olub-olmaması barədə;

- əsas müəssisə və ya müvəkkil müəssisə olmadığı halda, müvafiq hesabatı verməli olan müəssisənin təyin edilməsi və rezidentliyi barədə;

- transmilli şirkətlər qrupunun maliyyə ili barədə.

Bu səbəbdən də Vergi Məcəlləsinin 16.9-cu maddəsinə "…hesabatı"ından sonra "və bildirişi” sözləri əlavə edilib.

Qeyd olunan maddə ilə bağlı digər dəyişikliyə əsasən, 16.9-cu maddənin birinci cümləsində "…Respublikasının rezidenti olan müəssisə" sözləri “…Respublikasında vergi uçotuna alınmış vergi ödəyicisi" sözləri ilə əvəz edilib. Bu dəyişikliyin məqsədi Vergi Məcəlləsinin 13.2.5-ci maddəsinin tələbləri və 16.9-cu maddədəki rezident anlayışlarına fərqli yanaşma tətbiq edilməsinin aradan qaldırılmasıdır. Dəyişikliyə qədər Vergi Məcəlləsinin 16.9-cu maddəsində qeyd olunan "…Respublikasının rezidenti olan müəssisə" sözləri transmilli şirkətlər qrupu uzrə xarici ölkələrin rezidentlərinin Azarbaycan Respublikasındakı filial və nümayəndəliklərini əhatə etmirdi.

Vergi Məcəlləsinin 16.9-cu maddəsinə "Azərbaycan Respublikasında vergi uçotuna alınmış vergi ödəyicisi" ifadəsi əlavə edilməklə xarici ölkələrin və daimi rezidentlərin Azərbaycan Respublikasındakı filial nümayəndəlikləri maddənin əhatə dairəsinə daxil olunub.

Beləliklə, hər iki dəyişiklik nəzərə alınmaqla Vergi Məcəlləsinin 16.9-cu maddəsi aşağıdakı kimi olub: "Transmilli şirkətlər qrupunun maliyyə ilində məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olduqda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasında vergi uçotuna alınmış vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş müddətdə, formada və qaydada hesabatı və bildirişi vergi orqanına təqdim edir. Bu maddə ilə müəyyən edilmiş hesabatın verilməsini şərtləndirən məbləğ həddi transmilli qrupun maliyyə hesabatları əsasında müəyyən edilir”.