2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə İtaliya arasında ticarət mübadiləsinin dəyəri 7,5 milyard ABŞ dolları olub, və bu göstərici ilə İtaliya, Azərbaycanın əsas ticarət tərəfdaşı sırasına daxil olub.
Fins.az xəbər verir ki, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, bu barədə COP29 çərçivəsində İtaliya Ticarət Agentliyi (ITA), İtaliyanın İnfrastruktur və Nəqliyyat Nazirliyi, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi və digər müvafiq qurumların təşkilatçılığı ilə keçirilən "SustainabITALY" tədbirində məlumat verib.
Yusif Abdullayev, ticarət əlaqələrinin yalnız ənənəvi sahələrdə deyil, qeyri-ənənəvi sahələrdə də inkişaf etdiyini bildirib. Bu il, AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan şirkətləri, İtaliyanın Rimini şəhərində keçirilən "Macfrut 2024" beynəlxalq sərgisində "Made in Azerbaijan" vahid ölkə stendində məhsullarını nümayiş etdiriblər.
Həmçinin, Yusif Abdullayev, oktyabr ayının 1-nə olan məlumata əsasən, Azərbaycanda artıq 100-dən çox italyan şirkətinin fəal şəkildə fəaliyyət göstərdiyini qeyd edib. Bu, iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişafının göstəricisidir.