BİZNES

21 Noyabr

Orta Dəhliz üzrə yükdaşımalar 68 % artıb

Bu ilin 10 ayı ərzində Orta Dəhliz üzrə yükdaşımaların ümumi həcmi 3,8 milyon tona çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 68 faiz artım göstərir.

Fins.az-ın məlumatına görə, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev, COP29-da "Dayanıqlı və Rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar" mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masa zamanı bildirib.

Lastayev qeyd edib ki, konteyner daşımaları 46,3 min TEU təşkil edib ki, bu da ötən illə müqayisədə təxminən üç dəfə çoxdur. Xüsusilə vurğulayıb ki, Çin-Avropa-Çin marşrutları 27,6 min TEU təşkil edib ki, bu da illik əsasda 25 dəfə çoxdur. O, əlavə edib ki, Çinlə yük daşımalarını daha da artırmaq məqsədilə konteyner qatarlarının sayını ildə 600-ə çatdırmaq barədə razılığa gəlinib.

Bundan əlavə, Lastayev bildirib ki, Qazaxıstan 42 ölkə ilə avtomobil yolu ilə yük daşımaları üçün icazələrin mübadiləsi sistemini tətbiq edib. Bu sistemin şəffaflığını təmin etmək məqsədilə, cari ildən Özbəkistan ilə elektron icazələrin mübadiləsi üzrə pilot layihə həyata keçirilir. İlin sonuna qədər Qazaxıstan və Çin arasında daşımalarda elektron icazələrə keçid başa çatacaq və bu, bütün icazələrin 60 faizinin rəqəmsal formata keçməsinə imkan verəcək.