Fins.az, Hesablama Palatası 2025-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi ilə bağlı bir sıra tövsiyələrini təqdim edir:
-
Büdcə strukturu və göstəricilərin müəyyən edilməsi: "Büdcə sistemi haqqında" qanunda büdcədənkənar dövlət fondlarının büdcələrinin strukturu və qanunlarla təsdiq olunan göstəricilərə dair tələblər müəyyənləşdirilməlidir.
-
Makrogöstəricilər və risk amilləri: Büdcə sənədlərində makrogöstəricilərin və demoqrafik meyllərin təsiri, sığorta sisteminin əhatə dairəsi və pensiyaçılarla bağlı məlumatlar təqdim edilməlidir. Eyni zamanda, maliyyə dayanıqlılığına təsir edən risk amilləri də nəzərə alınmalıdır.
-
İcbari dövlət şəxsi sığorta: Dövlət sosial müdafiə fondunun gəlir və xərclərində icbari dövlət şəxsi sığorta üzrə vəsaitlərin düzgün əks etdirilməsi təmin edilməlidir.
-
Investisiya fəaliyyətinin əks olunması: Büdcə sənədində investisiya fəaliyyətini əhatə edən göstəricilər də daxil edilməlidir.
-
Təsnifatın dəqiqləşdirilməsi: Dövlət sosial müdafiə fondunun gəlir və xərclərinin funksional və iqtisadi təsnifatının tam əks olunması məqsədilə fəaliyyət davam etdirilməlidir.
-
Hesabat formalarının təkmilləşdirilməsi: "Büdcə sistemi haqqında" qanunla müəyyən edilmiş hesabat formaları təsdiqlənməlidir.
-
Büdcə tərtibi prinsipləri: Dövlət sosial müdafiə fondunun büdcəsinin tərtibi prinsiplərinə yenidən baxılmalıdır.
-
Proqnoz və icra arasında uyğunluq: Məcburi dövlət sosial sığorta haqları üzrə proqnoz göstəriciləri ilə icra arasında real uzlaşmanın təmin edilməsi üçün metodologiya hazırlanmalıdır.
-
Qeyri-büdcə sektoru və gəlir proqnozlaşdırılması: Fondun maliyyə resurslarının məqsədyönlü istifadəsinin təmin olunması üçün qeyri-büdcə sektoru üzrə gəlirlərin proqnozlaşdırılması zamanı daha optimal qiymətləndirmələr edilməlidir.
-
Dövlət öhdəlikləri: Dövlət öhdəliyinə aid xərclərin istiqamətləri və dəyəri tam dəqiqləşdirilməli və məcburi sosial sığorta haqları ilə maliyyələşdirilməsi məhdudlaşdırılmalıdır.
-
Hesabatlılıq sisteminin yaradılması: Dövlət Vergi Xidməti və AHİK tərəfindən təqdim edilən məlumatlardakı uyğunsuzluqların aradan qaldırılması və vahid hesabatlılıq sisteminin yaradılması.
-
DOST Agentliyinin maliyyələşdirilməsi: DOST Agentliyinin müştərək maliyyələşdirilməsinə yönəldilən məbləğin idarəetmə xərclərində nəzərə alınması.
-
Pensiya və müavinət xərcləri: Pensiya və müavinətlər üzrə bank əməliyyatlarının və digər xidmət haqqı xərclərinin idarəetmə xərclərinə daxil edilməsi.
Bu tövsiyələr, fondun maliyyə dayanıqlığını və şəffaflığını artırmaq məqsədini güdür.
Fuad Mədətov
Fins.az